Ermənistan küncə sıxılır

Tehran-Bakı əlaqələri İrəvanda böyük narahatlıqla qarşılanıb

"İranın öz ənənəvi siyasətindən əl çəkib, Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək yolunu tutması ən doğru addım idi"

   Azərbaycan-İran dialoqunun intensivləşməsi İrəvan üçün pis xəbər sayıla bilər. Bunu Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan İran XİN rəhbəri Hüseyn Abdullahianın Bakı səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, İran xarici işlər nazirinin Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə danışıqları erməni ictimaiyyətinin nəzərindən yayınıb. Oskanyan bildirib ki, İrəvanın keçmiş meri ətrafında daxili siyasi debatlar və ehtiraslar xarici gündəmi boğub. Sabiq nazir qeyd edib k, iranlıların nöqteyi-nəzərindən Ermənistan rəhbərliyi aydın olmayan siyasət yürüdür, addımları kor-təbii xarakter daşıyır:

“İran hələ də müzakirə olunan iqtisadi və infrastruktur layihələrini həyata keçirməyə hazırdır. Lakin problemi Ermənistan hakimiyyətində axtarmaq lazımdır. Məsələn, Gorus-Qafan yolunun Bakının nəzarətinə keçməsi İrandan yüklərin Ermənistana və Qara dəniz limanlarına daşınmasını əngəlləyir. İran elitası hesab edir ki, hazırda İran mallarının tam tranziti və Fars körfəzi-Qara dəniz dəhlizinin formalaşması üçün Ermənistanda müvafiq şərait yoxdur”. Keçmiş erməni nazir əlavə edib ki, Azərbaycan Ermənistanın İranla kommunikasiya sahəsində əməkdaşlığını məhdudlaşdırmağı bacarıb. 

Tehran-Bakı əlaqələrinin İrəvanda narahatlıqla izlənməsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Qasımov Ermənistanın İran-Azərbaycan münasibətlərinin normallaşmasından təşvişə düşməsinin təbii olduğunu deyib. Analitik bildirib ki, İran Ermənistandan fərqli olaraq Cənubi Qafqazda yeni reallıqları qəbul edib. Həm də Ermənistandakı qeyri-müəyyən vəziyyət Tehranın Bakıya doğru yönəlməsinə səbəb olub:

 “Erməni tərəfi narahatdır ki, İran əvvəlki siyasətindən üz döndərəcək. Azərbaycanla sıx əlaqələr quraraq Ermənistanın daha da küncə sıxışdırılmasına yardımçı olacaq. Tehranın uzun illər apardığı anti-Azərbaycan siyasəti nəticə vermədi. Azərbaycan bütün çətinliklərə rəğmən, öz müttəfiqləri ilə problemlərini böyük ölçüdə həll etdi. Tehranın öz ənənəvi siyasətindən əl çəkib, Azərbaycanla iqtisadi əlaqələri dərinləşdirmək yolunu tutması ən doğru addım idi. İran gərginlik yolunun ona yaxşı heç nə vəd etmədiyini anladı.

 Azərbaycanın tək bölgədə yox, beynəlxalq səviyyədə qəbul edilən önəmli dövlət olduğu gerçəyi İran tərəfindən qəbul olundu. Tehran Bakı ilə əlaqələrin İrəvanla əməkdaşlıqdan daha faydalı olduğunu anlayıb”.

Politoloq qeyd edib ki, rəsmi Bakı hər zaman İranla müsbət əlaqələrin tərəfdarı olub:

 “Ermənistan İran-Azərbaycan əlaqələrindən qıcıqlansa da, rəsmi Bakı öz böyüklüyünü göstərərək hətta Ermənistana belə sülh çağırışı, əməkdaşlıq təklif edir. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq üçün zəruri addımlar atır. 

Ermənistanın da buna müsbət cavab verməsi, faydasız qısqanclıq duyğularından, ərazi iddialarından, nifrət və kindən vaz keçməsi onların marağındadır”.