Sülhün qapısına çox az qaldı

Moskvada ermənilərlə ilk görüş gerçəkləşib

İctimaiyyət nümayəndələri də dövriyyəyə daxil oldu, münaqişə tarixin arxivinə gömülür

Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri Moskvada Dağlıq Qarabağda hərbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib. Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub. 2022-ci ilin əvvəlində belə təmasların davam etdirilməsi barədə razılığa gəlinib. Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi də məlum olub. Dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşlərdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər. 

Azərbaycan-Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri ilə bağlı “Şərq”ə danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, rəsmi Bakı münaqişəyə son qoyub və əvvəlki səhifəni çevirib. Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin və xalqının istəyi regionda sabitlik, sülh və əməkdaşlıq mühitinin yaradılmasıdır: 

“Cənab Şvıdkov hələ müharibədən öncə belə bir təşəbbüslə çıxış etmişdi. Qarşılıqlı səfərlər baş tutmuşdu və səfərlərin birində mən də iştirak etmişdim. Düşünürəm ki, bu cür addımlar çox zəruridir. Müharibədən sonra qarşılıqlı inam yaratmaq, etimad formalaşdırmaq üçün ictimaiyyət nümayəndələrinin təmasları mühümdür. Xüsusən, siyasətçilərin görüşlərinə ehtiyac var. Bu istiqamətdə ilk addımların atılmasından məmnunuq. Ümidvaram ki, Ermənistan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək, rəsmi Bakının təkliflərini qəbul edəcək və kommunikasiyaların açılması yönündə real addımlar atacaq. Artıq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı da müəyyən addımlar atılmaqdadır. Proses mütləq davam etdirilməlidir. Bu yöndə təşəbbüsləri müsbət qiymətləndirirəm”.