Rus sülhməramlılar şərait yaradıb

Fransız siyasətçi Qarabağa Laçın dəhlizi vasitəsi ilə daxil olub

"Rusiya sülhməramlılarının komandanlığına ciddi xəbərdarlıq edilməlidir"

   Məlumdur ki, Fransanın İle-de-Frans regionunun rəhbəri, prezidentliyə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Bu azmış kimi, xanım namizəd Xankəndidən fotolar paylaşaraq erməni xalqının yanında olduğu mesajını verib. Ekspertlərin fikrincə, Pekres Fransadakı erməni lobbisinin dəstəyini qazanmaq məqsədi ilə Ermənistana, oradan Xankəndinə yollanıb. 

Valeri Pekres bu addımı ilə həm də Fransa daxili siyasətinin eybəcərliyini və mənəvi-etik dəyərlərdən kənar olduğunu göstərib. Fransa siyasətçiləri istər ölkədaxili, istərsə də xarici siyasət məsələlərində tarixən ermənilərdən istifadə ediblər. Hətta hazırda vəziyyət elə həddə çatıb ki, prezidentliyə namizədin qələbə şansı erməni lobbisi və diasporunun dəstəyi ilə ölçülür. 

   Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Valeri Pekres və digər namizədlər ilk növbədə anlamalıdır ki, başda Fransa olmaqla, bütün dünya ölkələri Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyır. Bu mənada Pekresin Qarabağa qanunsuz səfəri nə məqsədlə olur-olsun, ölkəsinin siyasi iradəsini pozmaq deməkdir. Analitikə görə, Pekres və Fransa senatında olan ermənipərəstlərin münaqişəni yenidən alovlandırmaq, revanşizm, separatçılığı dəstəkləmək və ona dini don geyindirmək cəhdləri çox təhlükəlidir: 

“Məsələnin başqa tərəfləri də var. Nikol Paşinyan Pekresin Ermənistan və Qarabağa səfər etməsinə şərait yaratmaqla özünün ən ciddi dəstəkçisi - Emmanuel Makrona arxa çevirmiş oldu. Paşinyan Makronun da seçkilərə qatılacağını və ikinci dəfə prezident seçilmək istədiyini yaxşı bilir. Pekres isə Makronun ən ciddi rəqibi hesab edilir. 

Makronun ən güclü opponentinin dövlət protokolu ilə qəbul olunması faktiki olaraq Paşinyanın Makrona xəyanət etməsinə dəlalət edir. Makron Paşinyana görə Azərbaycanla kəskin mübarizəyə girişən yeganə avropalı prezident idi. Ümumiyyətlə, Makron Fransa tarixində ermənilərə bu qədər açıq dəstək verən ilk şəxsdir. Hesab edirəm ki, Makron Paşinyanın “arxadan zərbəsini” unutmayacaq və bu faktor ikinci dəfə prezident seçiləcəyi təqdirdə Fransa-Ermənistan münasibətlərinə yansıyacaq”.

   T.Rzayev vuğrulayıb ki, Pekresin Qarabağa qanunsuz səfər etməsindən daha aktual məsələ bu səfərin necə baş tutmasıdır: 

“Ermənistandan Qarabağa yalnız Laçın dəhlizi vasitəsi ilə daxil olmaq olar. 10 noyabr bəyanatına görə, Laçın dəhlizi müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Maraqlıdır, Rusiya sülhməramlıları Laçın dəhlizində nə ilə məşğuldurlar?! Rusiya sülhməramlılarının komandanlığına ciddi xəbərdarlıq edilməlidir. Rəsmi Bakı belə məsələlərlə bağlı ciddi ölçü götürməlidir”.