Fransanın vasitəçilik mandatından imtina etməyin vaxtı gəlib  - Partiya sədri

“Fransanın vasitəçilik mandatından imtina etməyin vaxtı çoxdan keçib. Özü işğalçılıq siyasəti yürüdən Fransa Qarabağla bağlı hansı ədalətli mövqedən çıxış edə bilər axı?!”.

“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. 

Partiya rəhbəri bildirib ki, Fransa nümayəndələrinin Azərbaycan ərazisinə qanunsuz səfərləri heç də adi məsələ deyil: 

“Kimliyindən asılı olmayaraq, bu cür məsuliyyətsiz və təxribatçı davranışlar qəbuledilməzdir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Qanunsuz səfərlər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır. Fransanın Ermənistanla tarixi-siyasi bağlarının, iqtisadi maraqlarının olduğunu, Rusiyadan sonra Ermənistana investisiya yatıran ikinci ölkə olduğunu nəzərə alsaq, Fransadan neytral münasibət gözləmək, “ölüdən can istəməyə” bərabər bir şey olar. Ona görə də, Azərbaycan qanunvericiliyini pozan belə şəxslərin adını ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısına salmaqdan daha ciddi addımlar atılmalıdır. Minsk Qrupuna həmsədr kimi daxil olan Fransa bu mandatdan Ermənistanı müdafiə etmək üçün diplomatik üstünük kimi istifadə etməyə çalışır. Cənubi Qafqazdakı maraqlarını Ermənistanın əli ilə həyata keçirmək üçün vasitəçilik mandatından siyasi qazanc mənbəyi kimi faydalanmağa cəhd edir. Bu baxımdan artıq bu dövlətin vasitəçilik mandatından imtina etməyin vaxtı gəlib. Selektiv yanaşmadan qəti şəkildə imtina edilməlidir. Əks halda biz Ermənistandan bu yöndə heç nə tələb edə bilməyəcəyik”.