Paket həlli yoxdur

Azərbaycanla Ermənistan arasında anklav məsələlərini tezliklə çözmək asan deyil

"Hadisələri addım-addım xeyrimizə inkişaf etdirə bilirik. Ermənistan prosesi uzatmaq məqsədi ilə masadan qaçmağa çalışsa da, onlara əhəmiyyət vermədən sahədə öz işimizi görürük"

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasındakı anklav məsələsindən danışıb. Nazir bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanla sərhədlərin tam nəzarətə götürülməsi sərhədlərin sivil qaydada müəyyən edilməsinə əsas yaradıb. XİN rəhbəri vurğulayıb ki, anklavlar məsələsi bir reallıqdır, bunu kimsə inkar edə bilməz: “Müxtəlif xəritələrə istinadlardan asılı olmayaraq, hələ sovet dövründə yüz illər boyu mövcud olan yaşayış məntəqələri olub. Orada dövlət və şəxsi mülkiyyətə aid obyektlər, onlara aid sənədlər olub. Amma bu məsələlərin mövcud dönəmdə hansı formada həll edilməsi, ora yollar və s. məsələlər var. Anklavlar məsələsinin həlli məhz delimitasiya prosesi zamanı baş verə bilər. Ona görə də Ermənistan-Azərbaycan İşçi qrupunun yaradılması vacibdir.

Azərbaycan buna hazır olduğunu bildirib. İşçi qrupunun yaradılması və prosesin başlaması qısa müddətdə məsələlərin həlli deməkdirmi? Biz də realist olmalıyıq. Bu, qısamüddətli proses olmayacaq. Bu sahədə sistemli və davamlı işin aparılması vacibdir. Azərbaycanın yanaşması ondan ibarətdir ki, proses danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir. Bu, ən yaxşı yoldur”.

 Məlumat üçün bildirək ki, Azərbaycanın Qazax rayonunun anklav kəndləri - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, o cümlədən Naxçıvanın Kərki kəndi 1990-cı ildən sonra Ermənistan tərəfindən işğal olunub. 

Qazaxın 7, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli bəyanatda müvafiq bənd olduğu, lakin sonradan mətndən çıxarıldığı da iddia edilib. İndiyə qədər anklav kəndlərin hansı formada və nə zaman Azərbaycanın nəzarətinə keçəcəyi ilə bağlı konkret bəyan edilməyib. Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılmasının əvəzinə Başkəndin də ermənilərə verilməsi tələbini gündəmə gətirmişdi. Lakin son aylar bu iddia demək olar ki, səslənmir. Xatırladaq ki, Gədəbəy rayonunun Başkənd kəndi sovet hakimiyyəti illərində Ermənistan SSR-nin Azərbaycanda yeganə anklav ərazisi olub. Fərq ondadır ki, bu kəndin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Başkənd Ermənistan SSR-nin tərkibinə inzibati ərazi vahidi kimi 1920-ci ildə daxil edilib. Birinci Qarabağ müharibəsi başladıqdan sonra ermənilər Başkənddən Gədəbəy və Tovuz rayonlarının kəndlərini atəşə tutub. 1992-ci ildə Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Başkənd düşməndən azad edilib. 

Azərbaycan tərəfi Gədəbəy rayonunun Tağlar kəndini də ermənilərdən tələb edə bilər. Tağlar kəndi 1969-cu ildə Ermənistan SSR-nin tərkibinə verilib. Kəndin əhalisi zorla öz evlərindən çıxarılıb. Kənd əhalisi arasında qətlə yetirilənlər və xəsarət alanlar olub. Sağ qalanlar öz evlərini məcburi tərk edərək Tovuz, Gədəbəy rayonlarına və Bakı şəhərlərinə köçüblər. Qazaxın 7, Naxçıvanın Kərki kəndi ilə yanaşı, Tağlar kəndinin də Ermənistandan tələb olunacağı ehtimalı böyükdür. Lakin XİN rəhbərinin də vurğuladığı kimi, prosesin qısa zamanda yekunlaşması qeyri-mümkündür. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə deyib ki, anklavların həlli zərurətdir. Amma partiya sədri də etiraf edib ki, bu məsələlərin paket həlli yoxdur:

 “Ölkəmizin vətənpərvər insanlarının əhval-ruhiyyəsini, tələblərini anlayıram. Könül istərdi ki, məsələ dərhal həll olunsun. Lakin bütün problemləri eyni anda çözmək asan deyil. Ərazilərimizi işğaldan azad etmişik. Hadisələri addım-addım xeyrimizə inkişaf etdirə bilirik. Ermənistan prosesi uzatmaq məqsədi ilə masadan qaçmağa çalışsa da, onlara əhəmiyyət vermədən sahədə öz işimizi görürük. Xüsusən, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı atılan addımlar çox ciddidir. İrəvan hökuməti də əvvəlki iddialarını gündəmə gətirmir. Hətta Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbərliyindən” tamamilə fərqli fikirlər səsləndirir. Paşinyan nəinki anklav məsələsində israr etmir, üstəlik uzun illərdir ikiəlli yapışdıqları Qarabağla bağlı ortaya mövqe qoyur. Bəyan edir ki, Qarabağ BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır”. 

F.Quliyev bəyan edib ki, bu tipli məsələlərin diplomatik müstəvidə həll edilməsinin tərəfdarıdır: 

“Anklav ərazilər uzun çəkən prosesdir. Qonşu Gürcüstanla demarkasiya və delimitasiya məsələsi 30 ildir davam etsə də, hələ nəticələnməyib. Söhbət ondan gedir ki, anklav məsələsində Ermənistanın böyük itkiləri var. Bu əraziləri Qarabağdakı separatçılarla əlaqələndirmək mümkün deyil. Qazaxın 7, Naxçıvanın Kərki kəndi birbaşa Ermənistanın Azərbaycan ərazilərini işğal faktıdır. Anklav məsələsi beynəlxalq ictimaiyyətdə də sual doğurur ki, bu ərazilər kim tərəfindən işğal olunub?! Ermənistanın ən çox narahatlığı onunla bağlıdır ki, uzun müddət işğalda saxladığı M2 yolu Azərbaycanın nəzarətinə keçib. Gorus-Qafan yolunun 21 kilometrlik hissəsinin nəzarətimizə keçməsi İran-Ermənistan əlaqələrinin faktiki olaraq nəzarətimizə keçməsi deməkdir. Qarşıdakı dönəmdə Qazaxın anklav kəndlərinin azad edilməsi ilə Ermənistan-Gürcüstan gediş-gəlişi də nəzarətimizə keçəcək. Naxçıvanın Kərki kəndinin qaytarılması isə Rusiyaya açılan qapının bağlanması anlamına gəlir. Bu baxımdan Ermənistanın müqaviməti başadüşüləndir”. 

Partiya sədrinin fikrincə, kənardan da İrəvana ciddi təsirlər var: 

“Azərbaycan və Türkiyə ilə Ermənistanın əlaqələrinin normallaşması Rusiyaya sərf etmir. Moskvada düşünürlər ki, İrəvanın Ankara və Bakı ilə münasibətləri düzəltməsi Kremlin təsir gücünün zəifləməsi, hətta itməsi deməkdir. Amma ermənilər əvvəl-axır bütün iddialardan geri çəkilmək məcburiyyətində qalacaqlar. Gec-tez öz məqsədimizə nail olacağıq. Fikir verirsizsə, son vaxtlar Paşinyan hökuməti Başkənd məsələsini də ortaya atmır. Böyük ehtimal sərhədlərin demarkasiya və delimitasiya prosesindən sonra bu tipli məsələlərin həlli mümkün olacaq.
  Paşinyanın açıqlamalarından görünür ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağa hazırlaşır. Əsas odur ki, milli iradəmiz dəyişkən deyil və soyuqqanlı, stabil şəkildə problemlərin üzərinə gedirik”.