"Ermənistandan müsbət mesajlar gözləyirik"

Ceyhun Bayramov: "Yaxın aylarda sərhədlərin delimitasiyası üzrə komissiya formalaşacaq"

Bizim mövqeyimiz sistemlidir, açıqdır və ədalətlidir. Bizim təklif etdiklərimiz daha geniş müstəvidə region üçün əlverişlidir

“Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını tam dəstəkləyir”. Bunu Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır: “Biz Türkiyənin bütün səviyyələrdə verdiyi mesajı yüksək qiymətləndiririk. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu sahədə prosesin Azərbaycanla koordinasiya edildiyini qeyd edir. Dövlətlərarası münasibətlərin normallaşmasından danışırıqsa, münasibətlərin normallaşmasının bir fundamenti olmalıdır. Bu da beynəlxalq hüququn norma və prinsipləridir. Beynəlxalq hüququn norma və prinsipləri əsasında dövlətlərlə münasibətləri inkişaf etdiririk. Bu sahədə istisna Ermənistan olub. Biz də Ermənistana beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasını təklif edirik”.

“Azərbaycan milli maraqlara söykənən xarici siyasət həyata keçirir”

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsi, prioritetləri hər zaman davamlı olub: “Azərbaycan fəal, şəffaf, beynəlxalq hüquqa əsaslanan, milli maraqlara söykənən xarici siyasət həyata keçirir və 2022-ci ildə də bu prioritetlər əsas olaraq qalacaq. Dost, qardaş ölkələrlə münasibətləri inkişaf etdirmək, bir-birini dəstəkləmək də prioritetlərimiz sırasında olacaq”.

“NATO ilə geniş dialoq gündəliyimiz var”

XİN başçısı qeyd edib ki, ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur, müəyyən sahələrdə isə əlaqələr çox sıxdır. Amma nazirin sözlərinə görə, elə sahələr var ki, orada əməkdaşlıq qədər dərin deyil: “Təhlükəsizlik, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə, qaçaqmalçılıqla mübarizə, sərhədlərin gücləndirilməsi istiqamətində əməkdaşlığı qeyd edə bilərik. Humanitar müstəvidə, təhsil sahəsində əməkdaşlıq var. ABŞ Azərbaycanla əməkdaşlıq istiqamətlərini genişləndirməyə dair dialoqda maraqlıdır, bunun üçün intensiv görüşlər, təmaslar həyata keçirilir”. NATO ilə əlaqələrə də toxunan nazir Azərbaycanın hərbi alyansın missiyalarında, xüsusilə Əfqanıstandakı iştirakının yüksək qiymətləndirildiyini vurğulayıb: “ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycana təşəkkür məktubu ünvanlayıb. NATO ilə əməkdaşlığımızın dərin tarixi kökləri var. Geniş dialoq gündəliyimiz var. Təşkilatın rəhbərliyi tərəfindən bizim tərəfdaşlığımız xüsusi vurğulanır”. 

“Azərbaycan və Aİ arasında sazişin gələn il yekunlaşdırılması mümkün olacaq”

Ceyhun Bayramov bəyan edib ki, Avropa İttifaqı (Aİ) ilə post-münaqişə dövründə münasibətlərə gəlincə, Aİ-nin regiona marağının artdığını görürük: “Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Bu il bu sazişlə bağlı fikir ayrılıqları minimuma endirilib. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq”. 

“Bu il Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib”

Nazir vurğulayıb ki, 2021-ci ildə Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib, bu istiqamətdə ardıcıl işlər görülüb. Onun sözlərinə görə, il ərzində 10 ölkənin XİN başçısı Azərbaycana rəsmi səfərə, 8 ölkənin XİN başçısı isə işgüzar səfərə gəlib: “Azərbaycan beynəlxalq tərəfdaşlarla 27 yeni müqavilə imzalayıb, eyni zamanda, indiyədək imzalanmış 17 müqavilə təsdiqlənərək qüvvəyə minib”.

“Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır”

C.Bayramov diqqətə çatdırıb ki, İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, əməkdaşlıq gündəliyimiz genişdir. Nazir qeyd edib ki, İsraildə Azərbaycan dövlətinin müvafiq qurumlarının bölmələri - turizm sahəsində müvafiq qurum və ticarət nümayəndəliyi fəaliyyətdədir: “Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq mövcuddur. Dostluq münasibətləri və əməkdaşlığın inkişaf etməsində maraqlıyıq”.

“Üçtərəfli İşçi qrupu çərçivəsində təmaslar davam edir”

C.Bayramov bəyan edib ki, Azərbaycan-Rusiya-Ermənistan təmsilçilərindən ibarət İşçi qrupu səviyyəsində görüşlər keçirilir: “İşçi qrupu yaradılan zaman bizim ilkin gözləntilərimiz indiyə uyğun deyildi. Çünki məsələlərin daha sürətlə inkişafını gözləyirdik. Təbii ki, açıq qalan suallar var, bu aydındır. Yanvar ayı ilə müqayisədə İşçi qrupu üzvlərinin hansı sahələrdə razılığı var, hansı sahələrdə yoxdur, biz bundan məlumatlıyq. Lakin yekun nəsə demək doğru deyil, çünki ortadakı razılaşma hüquqi sənəd formasında deyilsə, sabah bu, dəyişə bilər”. XİN başçısı Azərbaycan tərəfinin ilk gündən fəal şəkildə İşçi qrupunun fəaliyyətinə qatıldığını, bunun bu formada da davam edəcəyini qeyd edib: “İnanırıq ki, bu işi davam etdirmək lazımdır, tərəflərin öhdəlikləri var və yerinə yetirilməlidir. Buna görə də prosesə tərəf olan ölkələrin mövqeyi birmənalı olmalıdır. Bizim mövqeyimiz sistemlidir, açıqdır və ədalətlidir. Bizim təklif etdiklərimiz daha geniş müstəvidə region üçün əlverişlidir”.

“Azərbaycan “3+3” formatında keçirilmiş görüşü müsbət qiymətləndirir”

Xarici işlər naziri deyib ki, “3+3” regional müzakirə platformasının yaradılması təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb. C.Bayramov xatırladıb ki, dekabr ayında “3+3” formatının təsis iclası Moskva şəhərində keçirilib: “İlk görüş “3+3” deyil, “3+2” formatında baş tutub. Məqsəd ilkin fikir mübadiləsi aparmaq idi. Region ölkələrinin problemləri masa arxasında müzakirə etməsi müsbət bir haldır. Biz bu görüşü müsbət qiymətləndirir, ilkin razılaşmaları məqbul sayırıq. Nəqliyyat, kommunikasiya, etimad quruculuğu və bir sıra digər məqamlar müzakirə mövzusu olub. Növbəti görüşlərin rotasiya əsasında ölkələrdə keçirilməsi barədə razılıq əldə olunub. Əlaqələndirmə işləri xarici işlər nazirlikləri tərəfindən aparılacaq. Digər sahəvi nazirliklərin də koordinasiyalı şəkildə prosesdə iştirakı istisna olunmur. Bu platforma çərçivəsində daha yüksək səviyyəli görüş keçirilə bilər”.

“Komissiyanın yaradılmasına bütün tərəflər razılıq verməlidir”

XİN rəhbəri qeyd edib ki, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərə başlamaq üçün Komissiyanın yaradılmasına bütün tərəflər razılıq verməlidir. Nazir Azərbaycan tərəfinin bu Komissiyanın yaradılmasına razılıq verdiyini diqqətə çatdırıb: “Düşünürük ki, qarşı tərəf də bu məsələnin ciddiliyini anlayır, ölkələr arası da beynəlxalq sərhəd müəyyənləşməlidir. İnanırıq ki, yaxın zamanda qarşı tərəfdən də müsbət mesaj olacaq. Ona görə düşünürük ki, yaxın aylarda bu Komissiya formalaşacaq”.

“Gələn il Ermənistana qarşı bir neçə məsələ üzrə iddia qaldırılacaq”

XİN başçısı vurğulayıb ki, yaxın zamanlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitrajlara müraciət edəcək: “Bu, 2022-ci ildə qarşıda duran əsas vəzifələrdəndir”.