İplər əlimizdədir... - Paşinyanın yeganə ümidi Bakı ilə Ankaradır


Əgər baş nazir sözdə və əməldə eyni siyasəti yürüdərsə, “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edərsə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşdə Cənubi Qafqazda gedən proseslərdən və Ankara-İrəvan münasibətləri yönündə atılan addımlardan danışıb. Kalın vurğulayıb ki, ABŞ-dakı erməni lobbisi antitürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib: 

“Ancaq indi erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb”. Türkiyə rəsmisi qeyd edib ki, Ermənistanla qarşılıqlı münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atılır: 

“Normallaşma prosesindən ən çox Ermənistan qazanacaq. Dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək”.

 Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu xüsusi nümayəndələrin ilk görüşünün Moskvada baş tutacağını söyləyib. Çavuşoğlu İstanbul-İrəvan aviareyslərinin də qısa müddət ərzində başlayacağının anonsunu verib. Nazir Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə də toxunub: “Hər mövzuda Azərbaycanla məsləhətləşərək qərar veririk. Əgər istədiyimiz nöqtəyə gəlsək, sərhədlər açıla bilər. Sərhədlərin təyin edilməsi və normal münasibətlərin qurulması bizim də arzumuzdur”. 

Ermənistanla əlaqələrin normallaşması prosesini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, erməni lobbisi ilə yanaşı, radikal müxalifət, o cümlədən “Qarabağ klanı” və Qarabağdakı separatçılar bu məsələdə Paşinyana qarşı birləşəcək. Analitikin sözlərinə görə, Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, müəyyən sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq: 

“Yəni Paşinyanın yeganə ümidi Bakı ilə Ankaradır. Deməli, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdərsə, “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edərsə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq.

 Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da qeyd edib ki, Ermənistanla əlaqələrin normallaşması üçün qarşılıqlı addımlar atılır. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. 

Söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq. Ankara Bakı ilə birgə səylərlə Ermənistanı təxribatçı siyasətinə son qoymasına çalışır. Görünən odur ki, Ermənistanın hazırkı hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır.

  Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, digər problemləri də həll etmək mümkün olacaq”.