Araik Arutyunyan Paşinyana müharibə elan etdi

Güvəndiyi Kremldir, ancaq separatçıya görə Moskva Bakı ilə qarşı-qarşıya gəlməyəcək

"Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb"

Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın “status Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasına etiraz edib. Terrorçu deyib ki, “Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil”. Ekspertlərin fikrincə, bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır. Separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub. 

Ona görə də İrəvanın “qarant rolunun” sıradan çıxması ermənilərin seçimini - ya Azərbaycan idarəçiliyi altında yaşamaq, ya da köçmək prosesini sürətləndirə bilər. 

İrəvanla separatçılar arasındakı qarşıdurmanı “Şərq”ə dəyərləndirən siyasi şərhçi Turan Rzayev deyib ki, Ermənistan rəhbərliyi ilə Qarabağdakı terrorçu rejimin liderləri arasında həmişə müəyyən narazılıqlar olub. Analitikə görə, yeganə fərq onda idi ki, Araik Arutyunyanla Nikol Paşinyanın münasibətləri başqaları ilə müqayisədə xeyli yaxın görünürdü: 

“Misal üçün, Paşinyan hakimiyyətinin ilk illərində tez-tez Qarabağa qanunsuz səfər edir, separatçı lider Araik Arutyunyana inaqurasiya mərasimi keçirir, Şuşada yeni parlament binası açmaq istəyirdi. Araik Arutyunyan da öz növbəsində bu il Ermənistanda keçirilən parlament seçkiləri zamanı məntəqələrin birində Paşinyanın tərəfdarı kimi fəaliyyət göstərmişdi. Bütün bunları nəzərə alsaq, məntiqi bir sual meydana çıxır: Araik Arutyunyan Nikol Paşinyana faktiki müharibə elan etməklə hansı gücə arxalanır? Hesab edirəm, Araik bu məsələdə Kremlə güvənir. Lakin Moskvanın separatçılara görə rəsmi Bakı ilə qarşı-qarşıya gələcəyini düşünmürəm. İndiki halda Rusiyanın Azərbaycandan məmnun olduğunu demək olar. Hətta rəsmi İrəvanın əksinə son proseslərdə Bakı özünün nə qədər yaxşı və etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Bu mənada Araikin güvəndiyi Rusiya onu uzun müddət Bakının qəzəbindən xilas edə bilməyəcək. Digər tərəfdən, Rusiya faktoru hər nə qədər olsa da separatçılar üçün əsas dəstək həmişə Ermənistan olub. Ermənistan isə bu gün bu dəstəkdən imtina edir”.

T.Rzayev vurğulayıb ki, hazırda yeni situasiya yaranır. Azərbaycan artıq dolayısı ilə deyil, birbaşa Xankəndi problemini həll etmək üçün aktiv diplomatik siyasətə başlayıb: 

“Rəsmi Bakı üçün ideal fürsət yaranıb və bu fürsətdən istifadə etmək lazımdır. Sankt-Peterburqda gözlənilən görüşdə sülh müqaviləsinin müzakirə olunacağı ehtimalı böyükdür. Gec-tez Qarabağda anti-terror əməliyyatının başlayacağına da şübhə yoxdur. Bu əməliyyatların məqsədi mülki ermənilər deyil, qanunsuz silahlı dəstələrin məhvi, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsidir. Araikin son sözləri də faktiki olaraq antiterror əməliyyatına başlaması üçün Bakıya əsas verir”.