Ermənistana qarşı iddia:“Beynəlxalq hüquq normalarını pozub”

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. Müzakirə zamanı deyib ki, gələn il Ermənistana qarşı bir neçə məsələ üzrə iddia qaldırılacaq:

“Yaxın müddətdə bir neçə konvensiyaya uyğun, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadəyə dair Ermənistanı məsuliyyətə cəlb etmək üçün Azərbaycan beynəlxalq arbitrajlara müraciət edəcək. Bu, 2022-ci ildə qarşıda duran əsas vəzifələrdəndir”.

Növbəti ildə Azərbaycanın düşmən ölkədən tələbləri barədə “Sherg.az”a danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, gələn il Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin dağıdılması ilə bağlı iddialar qaldırıla bilər:

“Bundan başqa, bir milyona yaxın mina insan qətlinə səbəb olub. İndiyə qədər ərazilərin minalardan təmizlənməsi yönündə böyük işlər görülür. Bildiyimiz kimi, Ermənistan Azərbaycan ekologiyasına çox böyük zərbə vurub. Ağacları kəsib, çayları zəhərləyiblər. 

Həmçinin Gəncədə, Bərdədə, Tərtərdə hərbi cinayətlər törədiblər. Beynəlxalq  hüquq normalarını kobud şəkildə pozublar. Ona görə də bu istiqamətlərdə tədbirlər davam etdirilir”.