Putin-Rəisi GÖRÜŞÜ: Masada nələr olacaq? – ŞƏRH 

İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin ilk günlərində Rusiyaya rəsmi səfər edəcək. İran hökumətinin sözçüsü Əli Bahadori vurğulayıb ki, hazırda Prezidentin siyasi məsələlər üzrə müavini səfər planını hazırlayır.
Rəsmi mənbə əlavə edib ki, səfər zamanı İ.Rəisi Tehran və Moskva arasında ikitərəfli və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Görüşü şərh edən politoloq Natiq Miri “Sherg.az”a bildirib ki, görüş çərçivəsində bu mövzu, ələlxüsus da Azərbaycan-Ermənistan münasibəti və yaranan yeni reallıqlar əhatəsində müəyyən müzakirələr aparılacaq:

“Çünki yeni reallıqlar regionda bütün kommunikasiyaların açılmasını zəruri edib. Bu yöndə yeni razılaşmalar, konkret fəaliyyətlər var. Həmçinin Culfadan İrana keçid, yəni yeni bir dəmir yolunun bərpa olunması məsələləsi var. Rusiyanın Şimal-Cənub dəhlizi çərçivəsində Naxçıvandan keçməklə Ermənistana, eyni zamanda Naxçıvan dəmiryolu vasitəsilə birbaşa İran, Hindistan və Pakistana qədər öz ticarət-iqtisadi əməkdaşlıq prosesini intensivləşdirəcəklər”.


O vurğulayıb ki, geosiyasi əməkdaşlığın mövcudluğu, əslində regionda sülhün təminatı anlamına gəlir:

“Bilirsiniz ki, “3+3” formatı çərçivəsində artıq Rusiyada ilk görüş həyata keçib. Yaxın zamanlarda Türkiyədə də keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, bu məsələlər də müzakirə predmeti olacaq. Həmin məsələ də regionda əməkdaşlıq platforması ilə bilavasitə əlaqəlidir.. Bu da indiki vəziyyətdə həm Rusiyanın, həm İranın siyasi və iqtisadi aspektlərdən maraqlarına xidmət edir”.

Politoloq Azərbaycan-İran münasibətlərinə də toxunub:

“Doğrudur, bir neçə ay öncə İranla Azərbaycan arasında, xüsusilə, Zəngəzur dəhlizi  və İran-Ermənistan sərhədləriylə bağlı bəzi anlaşmazlıqlar var idi. Ancaq dövlət rəsmiləri görüşəndən sonra, xüsusilə, Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü zəmnində bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. İndi fikir verirsinizsə, İranla Azərbaycan arasında əməkdaşlıq çox sürətlə inkişaf etməkdədir. Hətta iki yol xəritəsi hazırlanıb. Bu xəritələr artıq icraata verilib. Düşünürəm ki, perspektivdə bu cür layihələrin, bu cür yol xəritələrin sayı artacaq”.

N.Miri 44 günlük Vətən müharibəsi ilə ölkəmizin qələbə çalmasının regionda fərqli bir sfera yaratdığını qeyd edib:

“Həm qələbəmiz, həm də böyük dövlətlərin rəhbərlərinin görüşü regiona geosiyasi və geoiqtisadi rakursdan impuls verəcək. Bu konteksdə də Azərbaycan və Türkiyənin “3+3” təşəbbüsü yeni bir istiqamətdir. Bunu heç kim dana bilməz”.

Cəmilə ƏZİM