Suallar qalır... Rusiya vasitəçiliyinə doğru, düzgün əməl etməlidir

Sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə erməni separatçılarının təxribatlarının qarşısı alınmalıdır
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunları ilə bağlı yaydığı icmalda bildirilib.

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib. Dekabrın 10-da Moskvada “3+3” formatında Məşvərət Regional Platformasının (üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.
Cari il ərzində Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fəaliyyətini “Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan formatı hazırda konkret fəaliyyətləri olan, işlək bir formatdır və nəticələri də var: “Ən önəmli nəticə bu ilin yekunlarına görə, Ermənistan tərəfinin Zəngəzur dəhlizinin daxilində olan dəmiryolunun açılması ilə bağlı etiraflarıdır. Bu, ondan xəbər verir ki, doğrudan da bu vasitəçilik müsbət nəticələr verir. Hər halda Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, bu üçtərəfli format indiki zamanda ən qəbulolunan və səmərəli format sayıla bilər.  Digər tərəfdən, əlbəttə ki, suallar, həll olunmamış məsələlər də qalıb. Bu, xüsusilə də sülhməramlıların fəaliyyət göstərdiyi ərazilərdə erməni separatçılarının aktivliyi və bu aktivliyin regional təhlükəsizliyə təhdid yaratması ilə bağlıdır. Əlbəttə ki, bu istiqamətdə işlər hələ getməlidir. Azərbaycan tərəfinin əsas istəyi tezliklə delimitasiya və demarkasiya ilə bağlı proseslərin başlamasıdır. Burada da Rusiya öz vasitəçiliyini ortaya qoya bilər, yəni vasitəçi rolunu oynaya bilər. 
Delimitasiya və demarkasiya ilə bağlı üçtərəfli komisiya təklifi də Rusiyadan gəldi. Bu komissiya tez bir zamanda təşkil olunacaq, fəaliyyət göstərəcək və digər problemli məsələlər də tədricən həllini tapacaq”. 

Politoloq həmçinin qeyd edib ki, sülhməramlıların əsas vəzifəsi əmin-amanlığı bərpa etməkdir:

 “Hazırda sülhməramlıların orada qalması əslində prosesləri tənzimləyir. Lakin təəssüflər olsun ki, biz bu sülhməramlıların arxasında separatçılıq meyilləri aşkarlayırıq. Eyni zamanda destruktiv hərəkətlərin də şahidi oluruq. Burada da təhlükələr var. Ona görə də növbəti illərdə bununla bağlı ciddi tədbirlər görülməlidir. Eyni zamanda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də fəaliyyət göstərir. 

O monitorinq mərkəzinin də bu istiqamətdə işinin fəallaşdırılmasını zəruri görürük. Belə ki, müxtəlif təxribatçı qüvvələrin fəaliyyəti,  onların aşkar olunması, zərərsizləşdirilməsi də zəruridir. Nə qədər ki, terrorçu qruplar bu regionda var və onlar zərərsizləşdirilməyib, bu, bütün region üçün təhlükə mənbəyidir. Onların mövcudluğu digər proseslərə mənfi təsir göstərə bilər. Bütün bunlar nəzərə alındıqda, razılaşmalarla bağlı Rusiya sülhməramlılarının iştirakı ilə bunları etmək lazımdır. 

Çünki onların birbaşa məqsədi, vəzifəsi əmin-amanlığı bərpa etməkdir. Əks halda sülhməramlıların buradakı fəaliyyəti şübhə altına alına bilər”. 

Sənan İsmayıl