“Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri müntəzəm görüşməyi planlaşdırırlar”

Rusiya Xarici İşlər Nazirliyi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin bu ölkədəki görüşünü şərh edib.

M.Zaxarova qeyd edib ki, Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü öz məqsədinə çatıb və iki ölkənin elmi və yaradıcı elitasının nümayəndələri arasında ünsiyyətin bərpası təmin edilib.


M.Zaxarova qeyd edib ki, tədbir iştirakçıları Azərbaycan və erməni xalqları arasında etimadsızlıq səviyyəsinin azaldılmasında ziyalıların rolunu yekdilliklə qəbul ediblər.

M.Zaxarovanın sözlərinə görə, konstruktiv dialoqa meyl bir sıra humanitar mövzularda, o cümlədən Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin təhvil verilməsində özünü göstərib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya bu cür məsələlərin müzakirəsinin başlanılmasını dəstəkləyir.

“Gələcəkdə biz bu cür əlaqələri müntəzəm olaraq, o cümlədən Azərbaycanda və Ermənistanda aparmağı planlaşdırırıq”, - deyə M.Zaxarova əlavə edib.

Mənbə: Report