Ankara Vaşinqtona meydan oxuyur


Türkiyə silah bazarında əsas oyunçuya çevrilib

“Türkiyə artıq istehlak etmir, istehsal edir, idxal etmir, ixrac edir”. Bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. Nazir bildirib ki, müdafiə sahəsində güclü və müstəqil olmayan millətlərin gələcəklərini etibarlı şəkildə qurması qeyri-mümkündür. Hərbi sənaye obyektlərinin rəsmi açılışında iştirak edən Akar vurğulayıb ki, Türkiyə müdafiə və təhlükəsizliyini başqa ölkələrin iradəsinə uyğun deyil, öz imkanları ilə təmin edir. Eyni zamanda dost və qardaş dövlətlərin ehtiyaclarını ödəyir. Nazir qeyd edib ki, Türkiyə yerli avtomatlarını, ağıllı dəqiq döyüş sursatlarını, milli dəniz artilleriyasını, yaylım atəşli reaktiv sistemləri, silahlı PUA, ATAK helikopterlərini, freqatlarını və döyüş gəmilərini layihələndirmək, istehsal və ixrac etmək səviyyəsinə çatıb. 

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyə PUA istehsalında ilk üçlükdədir. Ərdoğan Türkiyənin öz hərbi gəmisini hazırlayan 10 ölkə arasında yer aldığını deyib: “Türkiyə silahlı, silahsız, hücum xarakterli pilotsuz uçuş aparatları istehsalında dünyada ilk 3 ölkə arasındadır. 2023-cü ildə isə milli döyüş təyyarəmizin təqdimatı keçiriləcək”. 
Türkiyənin hərbi sahəni prioritet elan etməsi, xüsusən müasir silah-sursat istehsalına xüsusi önəm verməsi ilə bağlı “Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Türkiyə bu sahədə yeni oyunçudur. Analitik bildirib ki, İsrail və ABŞ hərbi dronların istehsalına 1970-80-ci illərdə başlayıb, Çin və Fransa isə çoxdan bazardadır: “Hazırda ən azı 95 ölkə hərbi PUA-lar istehsal etməyə çalışır. Ən azı 60-ölkədə isə 267 hərbi drondan istifadə olunur. Türkiyə son zamanlar bu sahəyə üstünlük verib. Ankara dron sahəsindəki layihələndirmə, proqram təminatı və istifadə qaydaları baxımından aparıcı ölkələrin ilk beşliyinə daxil ola bilib. Türkiyə ordusunun PKK ilə mübarizədə tez-tez dronlardan istifadə etməsi onların istehsalına əhəmiyyətli təsir göstərib. Ankara ABŞ-dan aldığı “GNAT 750” dronlarının köhnəlməsinin ardınca, 2000-ci ildən etibarən İsrailə üz tutdu. Ancaq buradan alınan “Heron” tipli PUA-larla daima problemlər yaşanırdı. Bəzi dronlar qəzaya uğrayaraq yararsız hala gəlirdi. Digərləri isə texniki səbəblər üzündən uça bilmirdi”. 

A.Rəşidoğlu vurğulayıb ki, Türkiyənin aparıcı dron istehsalçıları - TUSAŞ və “Baykar” şirkəti qısa zamanda böyük uğur qazana bildi:

 “Baykar”ın istehsal etdiyi “Bayraktar TB2” pilotsuz təyyarəsi ən yaxşı dronlardan biri kimi tanınır.
O, raket daşıya bilən ən kiçik SPUA-lardan biri olduğu üçün öz rəqiblərindən seçilir. “Bayraktar TB2” davamlı hava nəzarəti və kəşfiyyat vəzifələrini yerinə yetirən PUA hesab olunur. Amerikaya meydan oxuyan Türkiyə artıq silah bazarında əsas oyunçuya çevrilib. Ankara dünya silah bazarında söz sahiblərindən biridir və bu da böyük üstünlük deməkdir”.