Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmaq olmaz 

 Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırıb. Dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən rəsmi İrəvana istər yekun sülh sazişi, istərsə də  sərhədlərin delimitasiya və demorikasiyası ilə bağlı bir sıra ciddi mesajlar verib.  
 
“Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi”;“Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir"

Bəs görəsən, Ermənistana yönəli mesajlardan sonra  rəsmi İrəvan ölü nöqtədən tərpənəcəkmi? Yekun sülh sazişinə nə vaxt mümkün olacaq?   

Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a açıqlamasında bildirib ki, “6 ay sonra nələrin olacağını görəcəyik”,- deyən Prezident İlham Əliyev Ermənistana sərt xəbərdarlıq etdi: “Yəni, əgər Ermənistan öz öhdəliklərini yerinə yetirməzsə, Azərbaycanın sülh və normal qonşuluq münasibətlərini qəbul etməsə, delimitasiyanın başlanmasını istəməsə, biz bu təklifi uzun müddət masada saxlayan deyilik. Həmçinin Ermənistan tez bir zamanda bizim ərazi bütövlüyümzü tanımasa, Azərbaycan da öz dədə-baba torpaqları olan Zəngəzur, Göyçə, İrəvan istiqamətində fəaliyyət həyata keçirə bilər. Qarşı tərəf bunu da başa düşməlidir ki, əgər dövlət  başçısının da qeyd etdiyi kimi Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yeriməzsə, müstəqilliyi sual altına düşə bilər. Zaman o qədər də çox deyil. Bundan sonra baş verəcək hadisələrin bütün məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq”.

Siyasi şərhçi Ermənistan və  Azərbaycanın beynəlxalq hüquqa münasibətinə də diqqət  çəkib : “Rəsmi İrəvandan  fərqli olaraq,Azərbaycan beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı Bəyanatlara tam olaraq əməl edir. Qarşı tərəfdən də eyni münasibəti gözləyir. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi dəyişməyən siyasət xəttini davam etdirdirir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində  müharibədən sonra  keçirilən görüşlər o qədər də müsbət nəticə vermədi. Demək ki, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasəti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq”.

E.Səftərov  tərəflər arasında imzalana biləcək yekun sülhə sazişinə  diqqət çəkib:“Ermənistan silahlı birləşmələrinin  Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxmasını tələb edən, BMT tərəfindən qəbul edilmiş dörd qətnaməyə əməl etməyən işğalçı dövlət sülh müqaviləsi imzalansa da, ciddi yanaşmayacağını dövlət başçısı da vurğuladı. Əlbəttə 30 ilə yaxın müddətdə işğalçı dövlətin simasız və sülhə aparmayan siyasət xəttini rəsmi Bakı çox gözəl bilir”.

Siyasi şərhçiyə görə, məhz bu səbəbdən ölkəmizdə ordu quruculuğu daha da gücləndirilir : “Belə ki, Azərbaycanda sosial- iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq hərbi quruculuq məsələləri da planlı şəkildə davam etdirilir. Türkiyə, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan Komando birliklərinin sayı artırılır. Bu günə kimi bir neçə Komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə bilən və istənilən düşmən təxribatlarına adekvat cavab verən hazırlıqlı qoşun növləridir. Diqqət çəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan ordularının müxtəlif aspektlərdə hərbi təlimlərinin keçirilməsidir”.