Qarabağa gizli səfərlər...


Zaxarova öz dili ilə rus sülhməramlılarını ifşa etdi və hərbi kontingentin missiyasından kənara çıxdığını söylədi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağda Rusiya sülhməramlılarının məsuliyyəti zonasına daxil olan ərazilərə səfərlər barəsində danışıb. Zaxarova bildirib ki, 10 noyabr 2020-ci il bəyanatına əsasən Rusiya sülhməramlı kontingenti təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Onun sözlərinə görə, bu bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir: “Xarici vətəndaşlar və beynəlxalq təşkilat və missiya əməkdaşlarının səfərlərinin qaydası Rusiya sülhməramlıları komandanlığının qaydası ilə müəyyənləşir.

Bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Belə səfərlər barədə Rusiya sülhməramlılarına əvvəlcədən və lazımi qaydada müraciət olunması nəzərdə tutulub”. Zaxarova unudur ki, rus sülhməramlıları müvəqqəti olaraq və konkret missiyanı icra etmək üçün Azərbaycana gəlib. Onların fəaliyyət göstərdikləri ərazi Azərbaycan torpaqlarıdır. Rusiya sülhməramlıları Laçın dəhlizində gömrük və sərhəd-keçid məntəqəsi funksiyasını həyata keçirə bilməz. Sülhməramlılar sadəcə Ermənistandan Qarabağa yerli ermənilərin gəliş-gedişini təmin etmək səlahiyyətinə malikdir. Xarici vətəndaşların Azərbaycandan icazəsiz bölgəyə səfərləri təxribat və beynəlxalq hüququn pozulmasıdır. 

Rusiya XİN rəsmisinin bəyanatını “Şərq”ə təhlil edən siyasi şərhçi Turan Rzayev deyib ki, Zaxarova öz dili ilə rus sülhməramlılarını ifşa etdi və hərbi kontingentin missiyasından kənara çıxdığını söylədi. Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin ölkə televiziyalarına son müsahibəsində sülhməramlıların davranışlarını tənqid etmişdi. 

Prezidentin həm Valeri Pekresin Qarabağa qanunsuz səfərini, həm də Rusiya sülhməramlılarının bu səfərə göz yummasını tənqid etməsi yerində və düzgün idi. Məsələyə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarovanın reaksiya verməsi də bunu bir daha sübut edir: 

“Zaxarova məsələyə verdiyi rəsmi mövqe ilə əslində Valeri Pekresin Qarabağa qanunsuz səfərinə Rusiya sülhməramlılarının şərait yaratdığını da etiraf etmiş oldu. O bildirdi ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir, Azərbaycanda da bunu bilirlər. Zaxarova 10 noyabr bəyanatının 6-cı bəndinə istinad edir. Ancaq razılaşmanın 6-cı bəndində “xarici vətəndaşlar” qeydi yoxdur. Əgər elə olsaydı, Azərbaycan tərəfi hər dəfə xarici vətəndaşların icazəsiz səfərinə qarşı çıxmaz, narazılığını bildirməzdi. Digər tərəfdən, Prezident dəfələrlə çıxışında bu məsələ ilə bağlı qeyd edib ki, Qırmızı Xaç Komitəsi istisna olmaqla, heç bir beynəlxalq təşkilat Bakının icazəsi olmadan Qarabağa səfər edə bilməz. Zaxarova Valeri Pekreslə bağlı əvvəlcədən rus sülhməramlılarına xəbər verilib-verilmədiyi, səfərin razılaşdırılıb-razılaşdırılmadığı barədə məsələyə aydınlıq gətirməkdən yayınıb. Halbuki Prezident İlham Əliyev ölkə televiziyalarına son müsahibəsində qeyd edib ki, “bizə belə bir cavab verildi ki, görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair”. 

T.Rzayevin qənaətincə, Zaxarova öz çıxışı ilə Valeri Pekresin Qarabağa gizli səfərinə ruslar tərəfindən razılıq verildiyini etiraf edib: 

“O, Rusiyanın sülhməramlı missiya adı altında Qarabağa yerləşdirdiyi hərbi kontingentin öz missiyasından kənara çıxdığını, Azərbaycanın suveren hüquqlarına məhəl qoymadığını vurğulayıb. 

Rusiya qoşunlarının sülhməramlı deyil, işğalçı ordu kimi davrandığını təsdiqləyib. Zaxarova Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir deyərək həm də Azərbaycanın Laçın dəhlizinə nəzarət etmək istəməsindən rusların narahat olduğunu göstərir. Halbuki BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər. Dövlət sərhədinin müdafiə edilməsi kimi vəzifələr sülhməramlı qüvvələrin öhdəliyinə verilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır”.