Gürcüstan Avroatlantik məkanı seçir! – “Moskvanın ciddi hiddətinə səbəb olacaq”

Qərbdəki tərəfdaşlar Buxarest sammitinin Gürcüstanla bağlı qərarını bir daha nəzərdən keçirməyi planlaşdırmır. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani yerli telekanala açıqlamasında deyib. O bildirib ki, Brüsseldə və Baltikyanı ölkələrdə keçirdiyi görüşlərdə, eləcə də apardığı telefon danışıqlarında Qərbdəki tərəfdaşları öz mövqelərinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. “Bizim seçimimiz Avro-Atlantik strukturlara tam inteqrasiyadır. Bu gürcü xalqının sivil seçimidir və konstitusiyamızda da əks olunub”, - D. Zalkaliani qeyd edib. Nazir vurğulayıb ki, Gürcüstan hökuməti öz mövqeyinin müdafiəsi üçün əlindən gələni edəcək.

Mövzunu “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev  bildirib ki, Gürcüstanda Qərbə qarşı inamsızlıq var:

 “Əlbəttə, Gürcüstanın NATO-ya və Qərbə inteqrasiya etməsi mümkündür. Amma son dövrlərdə, xüsusilə İvanişvili hakimiyyətində Qərbə qarşı inamsızlıq və Rusiyaya müəyyən qədər yaxınlaşma hiss olunurdu. Ölkənin üzü şərqə doğru çevrilmişdi. İqtisadi əlaqələr və başqa münasibətləri hansısa şəkildə formalaşdırmağa çalışırdılar. Biz Rusiya ilə iqtisadi əməkdaşlığın genişlənməsinin şahidi olduq. Gürcüstanla Rusiya arasında yolların çəkilməsi, körpülərin, tunellərin açılması və xüsusilə son dövrdə Abxaziya dəmir yolunun açılmasını vurğulamaq olar. Eyni zamanda, İvanişvili Rusiyada varlanıb, orada sərvət qazanmış bir  oliqarxdır. Aydın məsələdir ki, onun Rusiya ilə müəyyən bağları var. Onun dövründə Qərbin maraqlarına əks olan davranışlar baş verirdi. Onu ölkəni Rusiya satmaqla ittiham edirdilər. Hətta ona həbs olunan zaman verilən işgəncənin Putinin sifarişi olduğunu da deyirdilər”.

T. Rzayev son dövrlərdə Qərbdən gələn təzyiqlərin artdığını vurğulayıb:

“Görünür ki, son dövrlərdə Qərbdən, xüsusilə də Avropa ittifaqı və ABŞ-dan gələn təzyiqlər artıb.  Çünki hərbi olaraq onlar Gürcüstana müəyyən xeyir verirlər. Gürcüstanda havadan nəzərət sistemində də müəyyən xidmətləri var. Bundan başqa rəsmi Tiflis Qərbdən  hərbi maliyyə yardımı alır. Buna görə də bütün bunlar Gürcüstanı seçim qarşısında qoyur”.

Siyasi şərhçinin fikrinə görə, bu çıxış Rusiya tərəfindən xoş qarşılanmayacaq:

“Gürcüstanın belə bir açıqlama verməsi əlbəttə ki, Moskvanın ciddi hiddətinə səbəb olacaq. Kremlin buna qarşı addımları aqressiv ola bilər.  Gürcüstan müəyyən bir müddət Qərblə birbaşa hərbi ittifaqa daxil olmayacağına söz verib. Rusiyanı buna inandırsa,  ola bilsin ki, Rusiyanın hər hansısa təzyiqindən özlərini müdafiə etməyə də çalışa bilərlər. Belə bir versiya da mümkündür. Amma əlbəttə ki, Rusiya bunu xoş qarşılamayacaq və onun tərəfindən Gürcüstan hakimiyyətinə də problem yaradılacaq. Müxalifət partiyaların birliyinin formalaşması və ya ölkə daxili qarışıqlıq yaranmasında da gətirib çıxara bilər”.

Çimnaz Şahlar