Böhran daha pik həddə çatacaq

Paşinyanın məqsədi özünə sadiq şəxsi prezident seçdirməkdir

"Uzunmüddətli hədəfi isə referendumla konstitusiyanı dəyişərək Ermənistanı parlamentli respublikadan prezidentli respublikaya çevirməkdir"

Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyası öz qərarında dəyişiklik edib. Ölkə prezidentliyinə yüksək texnologiya sənayesi naziri Vaahn Xaçaturyanın namizədliyi irəli sürülüb. Bir müddət əvvəl dövlət başçısı postuna baş nazirliyin administrasiyasının rəhbəri Araik Arutyunyanın namizədliyi təklif olunmuşdu. Ancaq onun namizədliyi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurmuşdu. 

Xatırladaq ki, yanvarın 23-də Armen Sarkisyan prezidentlikdən istefa verdiyini bəyan edib. Sabiq prezident daxili və xarici siyasətə təsir etmək üçün lazımi səlahiyyətlərə malik olmamasını əsas gətirib. 

Ermənistanda yaşanan siyasi böhranı “Şərq”ə təhlil edən siyasi şərhçi Tural İsmayılov deyib ki, Armen Sarkisyanın istefası əvvəlcədən gözlənilirdi. Analitikin sözlərinə görə, Ermənistanda hakimiyyət daxilində ciddi daxili xaos hökm sürürdü: 

“Son aylar ərzində müdafiə nazirləri tez-tez dəyişirdi. Eyni zamanda hakim partiyaya məxsus məmurların istefası müşahidə olunurdu. Belə məqamda səlahiyyətləri Paşinyan tərəfindən məhdudlaşdırılan və müxtəlif linç kampaniyalarına məruz qalan Armen Sarkisyanın prezidentlik postunda çox qalacağı gözlənilmirdi. İstefadan sonra Ermənistanda onsuz da kövrək olan ictimai-siyasi mühit daha da gərginləşməyə başladı. Paşinyan özünə yaxın şəxsin namizədliyini irəli sürür. Müxalifətdəki əsas söz sahibi olan R.Koçaryan və onun “Hayastan” bloku prezidentlik postu uğrunda ciddi mübarizə aparacaqlar”.

T.İsmayılova görə, prezidentin istefasından sonra Ermənistanda dərinləşən siyasi böhran daha pik həddə çatacaq:

 “Paşinyanın məqsədi özünə sadiq şəxsi prezident seçdirməkdir. İstəyir ki, qərarları şübhə altına alınmasın. Uzunmüddətli hədəfi isə referendumla konstitusiyanı dəyişərək Ermənistanı parlamentli respublikadan prezidentli respublikaya çevirməkdir. Paşinyan daha çox səlahiyyətə malik prezident olmaq arzusundadır. Ona görə də Sarkisyanı tənqid atəşinə məruz qoyaraq istefaya məcbur etdi. Ölkədə xaotik vəziyyət hələ davam edəcək. Vətəndaş qarşıdurması, hakimiyyət daxilindəki problemlər, müxalifətlə çəkişmələr gərgin mərhələyə qədəm qoyacaq. Bütün bunlar isə Ermənistanda referendumun keçirilməsi ilə nəticələnəcək”.