"Kreml istəyir ki..."

Aqşin Kərimov: "Kreml istəyir ki, strateji tərəfdaşlıq adı altında Qazaxıstanı vassal halına gətirsin"

Rusiya ilə Qazaxıstan arasında strateji tərəfdaşlıqla bağlı mühüm sazişlər imzalanacaq. 
Rusiya Prezidenti Vladimir Putinlə Qazaxıstanın ölkə başçısı Kasım-Jomart Tokayev arasında görüş keçirilib. V.Putin görüşün protokol hissəsindəki çıxışında Qazaxıstanın yanvar ayında beynəlxalq qruplaşmanın qurbanı olduğunu söyləyib:

"Qazaxıstanda vəziyyət bərpa olunub. Ölkə respublika rəhbərliyinin səyləri sayəsində möhkəm dayanıb. Rusiya KTMT ölkələrindən biri kimi müqavilənin dördüncü bəndinə uyğun olaraq Qazaxıstana dəstək olub. Lakin əlbəttə ki, Qazaxıstanın öz rəhbərliyi, hüquq-mühafizə orqanları, Silahlı Qüvvələri başlıca rol oynayıb”. 

Həmçinin Qazaxıstanla Rusiya arasında strateji tərəfdaşlıqla bağlı mühüm sazişlər imzalanacaq. Bu barədə Qazaxıstan Prezidenti V.Putinlə danışıqlar zamanı bildirib: "Qarşıdakı danışıqların gedişində hər iki ölkənin strateji maraqlarına həqiqətən də toxunan bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparmağı planlaşdırırıq. Mühüm sazişlər imzalanacaq. Ümumiyyətlə, strateji qarşılıqlı fəaliyyətimizdə, müttəfiqlik münasibətlərimizdə konkret nəticələri əldə etməyə qərarlıyıq. İnanıram ki, istədiyimiz yekuna nail olacağıq".

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında bildirib ki, Qazaxıstan prezidenti ölkəsindəki qarışıqlıqdan sonra ilk səfərini Rusiyaya edib: 

"Sözsüz ki, səfər Vladimir Putinin birbaşa tələbi əsasında gerçəkləşib. Tokayevin Moskvaya rəsmi səfərinin səbəblərindən biri Kremlin Qazaxıstandakı şəbəkələrinin qalıcılığının müzakirəsidir. Diqqət çəkən məqam odur ki, Tokayev Rusiyanın dəstəyi ilə iğtişaşlar üzərindən öz hakimiyyətini möhkəmləndirib. 

Nursultan Nazarbayevi və "kök atmış şəbəkəsini" zərərsizləşdirməyi bacarıb. Proses hələ də davam edir. Kreml istəyir ki, strateji tərəfdaşlıq adı altında Qazaxıstanı öz orbitində saxlayıb, vassal halına gətirsin. Bunun üçün əsaslar yaradılır. 

Sazişin hələlik mətnləri açıqlanmayıb, detallar bəlli deyil. Amma bu sazişlə Qazaxıstan və Rusiyaya bərabər hüquqların veriləcəyi qənaətinə gəlmək olmaz. 

Çünki bu anlaşma sözsüz ki, Rusiyanın diktəsi və planlarına müvafiq hazırlanır. Ona görə də bu sazişlə Qazaxıstanın hər hansı bir fərqlənmə qazanacağını düşünmək sadəlövhlük olardı. Üstünlük sadəcə Rusiya Qazaxıstana onun rəqiblərindən birinin müdaxiləsi halında özünün varlığını, əzələ nümayişini göstərdiyi zaman ola bilər. Bu səbəbdən hazırda Rusiyanın planlarında ittifaq modelinin qurulması məsələləri geniş yer alıb. 

Artıq Belarus Prezidenti Aleksandr Lukaşenko da Kremlin təlimatlarına uyğun planların bəzi hissələrini açıqlayır. Qazaxıstanı öz təsir dairəsinə saldıqdan sonra isə düşünürəm ki, növbəti hədəflər uğrunda Kreml səylərini ortaya qoyacaq".