Qərb dövlətlərinin kəşfiyyat orqanları: “Rusiya müharibəyə hazırdır” –  Kim udacaq?

“ABŞ-nin rəsmi Kiyevi sürətlə silahlandırdığı bir vaxtda Ukraynaya hücum edəcək bir ordunun uğur qazanması o dərəcədə inandırıcı görünmür”   


Fransa Prezidenti Emmanuel Makron Rusiya və ABŞ liderləri arasında sammit keçirilməsini təklif edib. Bu barədə Yelisey sarayından məlumat verilib. Hər iki liderin sözügedən təklifi qəbul etdiyi bildirilib.Qeyd olunub ki,sammit yalnız Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə baş tuta bilər.Sammitin gündəliyini fevralın 24-də görüş zamanı ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya XİN rəhbəri Sergey Lavrov hazırlayacaq.

Ağ Evin nümayəndəsi Cen Psaki Parisin məlumatını təsdiqləyib.O bildirib ki, prezident Bayden hücum baş verməzsə, Putinlə yenidən görüşməyə prinsipcə razılaşıb.

Siyasi şərhçi Turab Rzayev gözlənilən Bayden- Putin görüşünü “sherg.az” şərh edib. O bildirib ki, Fransa prezidentinin Rusiya və ABŞ liderlərini sammitə dəvət etməsi Qərblə Rusiya arasında nisbətən yumşaqlıq yaratmağa hesablanıb: 

“Hər kəs ən azı olimpiadaya qədər Rusiyanın müharibəni başlatmayacağını düşünürdü. İndi isə ayın 24-ü, bu samittin keçiriləcəyi günə qədər tərəflərin müharibə etməyəcəyi ehtimal olunur. Dünya ictimaiyyətinin ümidi bunadır. Ancaq Rusiya hazırkı durumdan çıxmaq üçün mütləq şəkildə hansısa addım atmalıdır”.

Analitikin fikrincə, hazırda rəsmi Moskva müharibəni başlatmaq üçün  bəhanə axtarır:  

“O bu bəhanə üçün fərqli şərait yaratmağa çalışır. Beləcə gah Donbassdakı Donetsk və Luqansk  separatçıları Ukraynanın onlara hücum etdiyini deyir, gah orda partlayışlar baş verir. Rəsmi Kiyev isə maxsimum dərəcədə ehtiyatlı olmağa Rusiyaya bəhanə verməməyə çalışır”.

T.Rzayev indi Qərbin Rusiyanın tapdığı bəhanələri qəbul etmədiyini vurğulayıb:

“Buna görə də Ağ Ev rəhbəri vaxtaşırı olaraq bildirir ki, rəsmi Moskvanın niyyəti  məhz tezliklə müharibə başlatmaqdı. Qərb dövlətlərinin kəşfiyyat orqanlarının verdiyi məlumata əsasən Rusiya artıq müharibə üçün hazırdır”. 

Analitikin qənaətincə, ABŞ-nin rəsmi Kiyevi sürətlə silahlandırdığı bir vaxtda Ukraynaya hücum edəcək bir ordunun uğur qazanması o dərəcədə inandırıcı görünmür.