Deputatımız İrəvanda iclasa sədrlik edəcək: Aktivliyi Ermənistan yox, biz sərgiləməliyik



 
"İrəvanda keçiriləcək tədbirə ironik yanaşanlar və əleyhinə fikir bildirənlər burunlarının ucundan o tərəfi görməyən insanlardır"

Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda səfərdədirlər. Deputatlar fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək “Avronest” Parlament Assambleyasının komitə iclaslarında iştirak edəcəklər. İclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər. Millət vəkili Tahir Mirkişili “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında iki sənədin müzakirə olunacağını bildirib. T.Mirkişili nəzərə çatdırıb ki, ikinci sənəd, “İctimai institutlarda səmərəlilik və inzibati resursları artırmaq üçün siyasi dialoq və institutsional əməkdaşlıq əsasında idarəetmənin təkmilləşdirilməsi” mövzusunda olacaq. Sənədin müəllifi Ermənistan Parlamentinin üzvü Mariya Karapetyandır. Qeyd edək ki, iclasa sədrliyi Tahir Mirkişili edəcək. 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, “Avronest” Parlament Assambleyasında Azərbaycanın fəaliyyəti bundan sonra daha da gözəçarpan və fəal olmalıdır. Analitik vurğulayıb ki, bu təşkilatın məramını, ana xəttini “şərq tərəfdaşlığı” çərçivəsində mehriban qonşuluq prinsiplərinin dəstəklənməsi təşkil edir: 

“2020-ci ilin birinci yarısına qədər Ermənistan bu çərçivədə Azərbaycanla aktiv əməkdaşlığa can atırdı. Səbəb o idi ki, Ermənistan müharibədə “qalib tərəf” kimi münasibətlərin normallaşmasında maraqlı idi. İrəvan işğal faktının unutdurulması üçün “isti münasibətlərə” çalışırdı. Hətta bu sahədə bir çox sosial layihələr hazırlayır və QHT-lər vasitəsilə münaqişəni unutdurmağa səy göstərirdi. Sosial layihələrdə qısa videolar çəkərək guya sıravi ermənilərin Azərbaycanı “sevdiyini” vurğulayır. Maşınlarda belə bizim musiqilərin ifa olunduğunu reklam edirdilər. Müharibədən sonra vəziyyət 180 dərəcə dəyişdi. Ölkəmiz işğal altında olan torpaqlarımızı qaytardı. Hesab edirəm, bundan sonra aktivliyi Ermənistan yox, biz sərgiləməliyik. İrəvanda keçiriləcək tədbirə ironik yanaşanlar və əleyhinə fikir bildirənlər burunlarının ucundan o tərəfi görməyən insanlardır. İndiki şəraitdə Ermənistanla münasibətlərin yaxşılaşdırılması hər iki tərəfə lazımdır. Bu münasibətlər tezliklə kommunikasiyaların tam açılmasına və gediş-gəlişin bərpasına xidmət edəcək”.