Regionun sabitliyi sülhdən keçir

Deputatlarımız İrəvanda Bakının mövqeyini qorudu

Azərbaycanın haqq səsi Ermənistanın paytaxtında da eşidildi


   Dünən Ermənistanın paytaxtı İrəvanda “Avronest” Parlament Assambleyasının komitə iclası keçirilib. İclasda Azərbaycanı iki deputat – Tahir Mirkişili və Soltan Məmmədov təmsil edib. Deputat Tahir Mirkişili deyib ki, Azərbaycan Prezidentinin irəli sürdüyü “3+3” formatı davamlı sülh və gələcək iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, qlobal təhlükəsizliklə bağlı rəsmi Bakının 3 istiqaməti var: “Birinci istiqamət – hər birimiz öz ölkəmizdə sağlam təhlükəsizlik sistemi qurmalıyıq. İkinci istiqamət – bölgədə, qonşularla mehriban münasibətlər qurmaqdır, bir-birimizin ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Üçüncü istiqamət – Cənubi Qafqazdakı ölkələr bir-birilərinin müxtəlif geosiyasi maraqlarını nəzərə alaraq, ortaq maraqlar çıxarmalıyıq. Bunun üçün ilk növbədə, mehriban münasibətlər qurmalıyıq”.

T.Mirkişili deyib ki, region ölkələri ortaq maraqlarını müəyyənləşdirməlidir: “Şərq Tərəfdaşlığı ölkələri arasında yalnız Azərbaycanın enerji resursları var və biz bunu öz qonşularımızla paylaşmağa, onların da bu imkanlardan istifadə etməsinə icazə verməyə hazırıq”. Azərbaycan parlamentinin deputatı Soltan Məmmədov da bildirib ki, Azərbaycanın malik olduğu multikultural dəyərlər ermənilərin reinteqrasiyası üçün ən yaxşı zəmanətdir: “Azərbaycanın bu fəxr olunası tarixi erməni etnik azlığının Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi reinteqrasiyası üçün ən yaxşı zəmanəti təqdim edir. Azərbaycan Ermənistanla bütün əlaqələrin bərpasının tərəfdarıdır. Bu, bizim regionumuza sülh və təhlükəsizlik, eyni zamanda, iqtisadi faydalar gətirəcək. Regionu Şimal və Cənub, Şərq və Qərb arasında körpüyə çevirəcək”. Deputat qeyd edib ki, 21-ci əsr bütün xalqlar və dövlətləri yeni çağırışlar qarşısında qoyub və indi hamının qarşılıqlı hörmət əsasında əməkdaşlığa ehtiyacı var: “Biz hamımız Cənubi Qafqazı güclü region kimi, dostluq və inkişaf nümunəsi kimi görmək istəyirik. Bu gün bizim dünyaya təklif etdiyimiz regional layihələr təhlükəsizliyə və regionun inkişafına xidmət edir. Biz hamımız iqtisadi faydaları və mədəni dəyəri olan layihələrin lehinəyik. Münaqişə başa çatdıqdan sonra Azərbaycan Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiyasına hazır olduğunu elan etdi. Mən ermənistanlı həmkarlarımızın Ermənistanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı diplomatik müzakirələrə hazır olduğunu demələri kimi pozitiv mesajlar eşitdiyimə görə şadam”. Soltan Məmmədov ATƏT-in Minsk qrupunun gündəliyini dəyişərək regiona sülh gətirmək, xalqları bir araya gətirmək və iki ölkə arasında sülh razılaşması ilə bağlı danışmağa başlamalı olduğunun vacibliyini vurğulayıb: “Amma mən bir daha qeyd etmək istəyirəm ki, biz münaqişənin başa çatmasından məmnunuq. Məmnunuq ki, ölkələr arasında regiona sülh və firavanlıq gətirəcək kommunikasiyaların bərpası ilə bağlı müzakirələr davam edir”. O, Ermənistan nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdəki mədəni irs abidələri ilə bağlı ittihamlara cavabında qeyd edib ki, Azərbaycan bu sahədə beynəlxalq ictimaiyyətə 30 il çağırış edib: “Biz beynəlxalq ictimaiyyəti monitorinqə və dəyərləndirmə aparmağa çağırdıq. Azərbaycan istənilən mədəni və dini abidənin mənsubiyyətindən asılı olmayaraq bərpasına, qorunmasına və istifadə edilməsinə sadiqdir. Azərbaycan etibarlı ölkə, etibarlı tərəfdaş kimi bütün beynəlxalq ictimaiyyətə multikulturalizmə, sülhə hörmət etdiyini sübut edib”. O, bu gün Azərbaycanda ermənilər də daxil olmaqla 52 etnik qrupun yaşadığını, amma Ermənistanda bir dənə də olsun azərbaycanlının qalmadığını vurğulayıb: “Azərbaycanın multikultural ölkə statusu beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Azərbaycanda 30 mindən çox erməni yaşayır. Amma Ermənistanda yaşayan bir azərbaycanlı belə yoxdur. Mədəni irs barəsində söz düşmüşkən, Qarabağda 67 məsciddən 64-ü sadəcə dağıdılmayıb, yer üzündən silinib. Bu, faktdır. Biz multikultural irslə bağlı hər hansı bir dəyişiklik etməyəcəyik. Biz 30 ildən çoxdur ki, UNESCO-nu bu ərazilərə gəlib dəyərləndirmə və monitorinq aparmağa, Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirməyə çağırırdıq. İndi beynəlxalq ictimaiyyətin müstəqil dəyərləndirmə aparmasını, reallığı beynəlxalq ictimaiyyətə çatdırmasını gözləyirik. Biz müharibə istəmirik və heç vaxt da istəməmişik. Ona görə də 30 il idi ki, bu problemin sülh yolu ilə həllini gözləyirdik”. Deputat Ermənistan tərəfini Azərbaycanla bağlı düzgün ifadələr seçməyə və təhqiredici ifadələrdən çəkinməyə çağırıb. 
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Mariya Karapetyan vurğulayıb ki, regional kommunikasiyaların bərpası Ermənistan üçün prioritet məsələdir: “Ermənistanda hakim siyasi qüvvə daxili siyasətdə qanunun aliliyindən, xarici siyasətdə sülhün bərqərar olmasına üstünlük verir”. Onun sözlərinə görə, sonuncu prosesdə prioritet kommunikasiyaların bərpası, onların yenidən işə salınmasıdır. Bu təkcə yol infrastrukturuna deyil, həm də təhlükəsizliyə aiddir. Biz inanırıq ki, qarşılıqlı asılılıq mövcud problemləri daha effektiv həll etməyə kömək edəcək”. Erməni deputatın fikrincə, Ermənistan və Azərbaycanın silahlı qüvvələri qoşunların aynalı çıxarılması prinsipi ilə sərhədi tərk etməlidir. Onun fikrincə, bu, nəhayət, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başlanmasına imkan verəcək. 
Xatırladaq ki, Ermənistanda səfərdə olan deputatlarımız Baş nazir Nikol Paşinyanla da görüşüblər. Görüşdə Avropa Birliyi-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri, Ukrayna ətrafında baş verən hadisələr müzakirə olunub. Həmçinin, Paşinyan Azərbaycanla dəmiryolunun çəkilməsi, Birinci Qarabağ savaşında itkin düşənlərin qalıqlarının verilməsi məsələsində razılığın əldə edilməsi və s. barədə açıqlamalar verib. Paşinyan Azərbaycanla münasibətlərdən danışarkən, çətin də olsa, müəyyən bir yolun qət edildiyini, bir çox məsələlər, xüsusilə də dəmir yolunun açılması ilə bağlı razılıqların olduğunu qeyd edib. Bunun regionda kommunikasiyaların açılması yönümündə əhəmiyyətli olacağını vurğulayıb. 

Millət vəkili Naqif Həmzəyev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan rəsmiləri torpaqlarımız işğal altında olduğu dövrdə də beynəlxalq təşkilatlar çərçivəsində İrəvana səfər ediblər. Deputat vurğulayıb ki, səfərlərə Milli Məclisin üzvləri də qatılıb: 

“Məqsədimiz işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad edilməsinə nail olmaq idi. Əvvəlki səfərlərdə də Azərbaycanın haqq səsi İrəvanda səsləndirilir, ermənilərin haqq yoluna gəlməsi üçün cəhdlər edilirdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan işğala son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Ancaq yenə də humanizm nümayiş etdirdik. Dövlət başçısı cənab İlham Əliyev məğlub Ermənistana sülh təklif etdi. İmzalanmış üçtərəfli müqavilələrə görə Ermənistan tərəfi üzərinə öhdəliklər götürdü. Əlbəttə, İrəvan öhdəliklərə əməl etməlidir. Əks təqdirdə itirən tərəf Ermənistan olacaq. Milli Məclisin üzvlərinin Vətən müharibəsindən sonra "Avronest" çərçivəsində İrəvana səfəri normal və düzgün addımdır. Bu onu göstərir ki, Azərbaycan əməldə də sülhə və danışıqlara hazırdır. Ermənistanda revanşist fikirlərlə yaşayanlara, bölgədə əmin-amanlığın olmasını istəməyən qüvvələrə nümayiş etdiririk ki, regionun sabitliyi sülhdən keçir. Ermənistanın uydurulmuş tarixə əsaslanaraq yeritdiyi təcavüzkar siyasət həm İrəvana, həm də region ölkələrinə mənfi təsir göstərir. O baxımdan Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır”. 

N.Həmzəyevin sözlərinə görə, deputatlarımızın İrəvandakı iclasda iştirakları, çıxışları, Azərbaycanın mövqeyini müdafiə etmələri, sadəcə Ermənistana deyil, Avropa rəsmilərinə də mesaj vermələri çox önəmlidir: 

“Biz qalib tərəfik, torpaqlarımızı işğaldan azad etmişik. Keçmişə qayıtmaq lazım deyil. Tariximizi unutmamaq şərti ilə qarşı tərəflə müəyyən təmaslara hazır olmalıyıq. Ermənistanın öhdəliklərinə əməl edəcəyi təqdirdə belə təmasların sayı arta bilər. Təbii ki, Azərbaycan hər zaman hərbi baxımdan güclü və hazır olmalıdır. Nə qədər güclü olsaq, bir o qədər söz sahibi olacağıq. O zaman Ermənistan tərəfi də rəsmi Bakının şərtlərini, diktəsini qəbul etmək məcburiyyətində qalacaq. Həmkarlarıma təşəkkür edirəm ki, İrəvanda Azərbaycanı layiqincə təmsil edirlər”. 

İsmayıl Qocayev