Rusiya üçün ağır günlər başlayır!- “Sanksiyalara duruş gətirməsi qətiyyən asan olmayacaq”

Böyük Britaniya Rusiyanın beş bankına və üç fiziki şəxsinə qarşı sanksiya tətbiq edib. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson məlumat verib. Onun sözlərinə görə, Timçenko, Boris və İqor Rotenberqlərin hesabları dondurulur və onların ölkəyə girişi qadağan olunub.Baş nazir  məhdudiyyətlərin tətbiq olunacağı Rusiya banklarının da  adlarını açıqlayıb.Bu banklar “Rossiya”, “Promsvyazbank”, “Sənaye əmanət bankı”, “Qenbank” və “Qara dəniz inkişaf bankı”dır.Conson Donetsk və Luqansk vilayətləri ərazisində rus qoşunlarının olmasını işğal kimi qiymətləndirib.

 Siyasi şərhçi Elçin Xalidbəyli hazırkı durumda rəsmi Moskvanın üzləşə biləcəyi  belə sanksiyalardan  “Sherg.az”a danşarkən  bildirib ki, artıq Rusiya üçün ağır günlər başlayır :

“Hazırda Rusiyanın beynəlxalq sanksiyalara məruz qoyulmasında  ilkin addımlar atılır. Bəzi Qərb siyasi dairələrində bu prosesin olduqca ləng getdiyi vurğulanır.İndi Rusiyaya qarşı daha təsirli beynəlxalq sanksiyaların işə salınması ilə bağlı çağırışlar intensivləşib.Məsələ ondadır ki, əksər Qərb siyasi təhlil mərkəzləri Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı atdığı addımları ümumilikdə Avropa dövlətlərinin təhlükəsizlik maraqlarına ciddi təhdid hesab edirlər. Onların fikrincə, indiki mərhələdə daha təsirli sanksiyalar dərhal tətbiq olunmazsa, Rusiyanın qarşısını almaq mümkün olmayacaq. Ancaq açıq-aşkar müşahidə olunur ki, Ukrayna böhranı ətrafında yaranmış situasiya Rusiya ilə yanaşı, həm də ABŞ və Qərbi də qəliz duruma salıb. Çünki son baş verənlərdən sonra qarşıdurma maliyyə-iqtisadi savaş mərhələsinə keçməyə başlayıb”.

E.Xalidbəylinin fikrincə,hazırda ABŞ və Qərb Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq etsə də bu proses Qərbdən verilən xəbərdarlıqların əksinə, total və sürətli addımların atılması xarakteri daşımır:

“Rusiyaya qarşı beynəlxalq sanksiya paketlərinin işə salınması tədricən və zəifdən güclüyə doğru inkişaf edir. Yəni  ardıcıl şəkildə müxtəlif istiqamətlərə, fərqli hədəflərə yönəldilmiş sanksiya paketləri tətbiq olunur.Ancaq nəzərə almaq laımdır ki, Rusiya da dünyanın maliyyə-iqtisadi sistemində xüsusi paya sahib olan dövlətdir. Hazırda onu dərhal bu sistemdən kənarlaşdırmaq dünya iqtisadiyyatında mövcud olan böhranı daha da dərinləşdirə bilər.Yəni ABŞ və Qərb tətbiq olunan sanksiyaların yekun nəticələrini mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda  həmin sanksiylara Rusiyaya ilə yanaşı, ABŞ və Qərbə də ağır maliyyə-iqtisadi zərbələr vura bilər.Təbii ki, Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər.
 Hətta ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyaların tətbiqində “qırmızı cizgiləri” keçilməyəcəyinə də böyük ümidlər bəsləyirlər”.Analitikə görə, Rusiyanın  indidən Ukrayna böhranı ətrafında ABŞ və Qərblə qarşıdurma ucbatından maliyyə-iqtisadi itkiləri artmağa başlayıb: “ İlkin hesablamalara əsasən Rusiya indiyə qədər 20 trilyon rubldan artıq maliyyə itkisinə məruz qalıb.

Bu maliyyə itkilərinin yaxın vaxtlarda daha da artacağı qətiyyən şübhə doğurmur.Hazırda müşahidələr də göstərir ki, ABŞ və Qərb Rusiyanı əsas maliyyə qaynaqlarından məhrum buraxmağa çalışır.Ona görə də, indi əsas hədəflər Rusiyanın neft-qaz sektoruna və bank sisteminə qarşı yönəlib. Ağ Ev Avropa ölkələrini, xüsusilə də, Almaniyanı Rusiyanın “Şimal axını-2” qaz layihəsindən imtinaya inandırmağa cəhd göstərir. Bəzi Avropa ölkələri artıq bununla razılaşmağa meyllidirlər. Böyük ehtimalla Almaniya da Ağ Evin təzyiqləri qarşısında geri çəkilmək məcburiyyətində qala bilər. Hər halda, Almaniyanın rəsmi dairələrindən bu layihənin gələcək taleyi ilə bağlı verilən son açıqlamalar belə düşünməyə tamamilə əsas verir. Əgər bu baş tutarsa, Rusiyanın dərhal üzləşəcəyi maliyyə itkisinin ən azı 10 milyard avro məbləğındə olacağı ehtimal olunur. Halbuki Kreml “Şimal axını-2” layihəsinə böyük ümidlər bəsləyirdi”.

Siyasi şərhçi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Şimal axını-2” layihəsi ilə bağlı son açıqlamasına diqqət çəkib:  

“D.Medvedev  rəsmi Moskvanın “Şimal axını-2” layihəsindən imtina etməsinin Rusiya ilə yanaşı, Avropa ölkələrinə böyük zərbə vura biləcəyini qabartmağa çalışıb.O, hətta Avropa dövlətlərinin təbii qazın min kubmetrini ən azı 2000 avroya almaq məcburiyyətində qala biləcəyi ilə təhdidləri gündəmə gətirib. 

Çünki Avropanın təbii qaza olan ehtiyaclarının 40 faizə yaxını Rusiyanın hesabına təmin olunur. 

Üstəlik  hazırda Rusiya təbii qazından imtina ediləcəyi təqdirdə, bu boşluğun doldurulmasının mümkün olmayacağını da Kremldə dəqiq bilirlər. 

Bu baxımdan təbii qaz faktoru Rusiyanın Avropa dövlətləri üzərində ən güclü təsir mexanizmi rolunu oynayır. Halbuki, bəzi Avropa ölkələri hətta “Şimal axını-1” təbii qaz xəttinin bloklanması ideyasıni da gündəmə gətirməyə başlayıblar. Əgər, belə bir qərar qəbul olunsa, Rusiya öz əsas xarici maliyyə qaynaqlarından birini tamamilə itirmiş olacaq. Ancaq bu Rusiya ilə yanaşı, Avropa ölkələrinin də enerji resurslarına olan ehtiyaclarını təhdid etdiyindən belə bir addımın atılacağı hələlik o qədər də inandırıcı görünmür”. 

E.Xalidbəylinin qənaətincə, Böyük Britaniyanın Rusiyaya aid beş banka və müxtəlif fiziki şəxslərə qarşı sanksiya tətbiq etməsi  Kreml üçün kifayət qədər ciddi problemlər yarada bilər: 

“Nəzərə almaq lazımdır ki, Rusiyanın bank sisteminin ziyana uğradılaraq, zəiflədilməsi bu ölkənin maliyyə-iqtisadi sistemini iflic edə bilər. Bu baxımdan, Kremlin belə addımlardan narahat olacağı qətiyyən şübhə doğurmur. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Rusiya oliqarxiyasına daxil olan əksər zəngin şəxslərin əsas maliyyə aktivlərinin, Böyük Britaniyada olduğu da inkaredilməz reallıqdır. Bu sıraya həmin şəxslərinin Böyük Britaniyadakı bahalı daşınmaz əmlaklarını da əlavə etdikdə, rəsmi Londonun Rusiya oliqarxiyasına vura biləcəyi zərbənin ciddi olacağı şübhə doğurmur. Böyük ehtimalla rəsmi London rus oliqarxiyasının maliyyə aktivlərini və daşınmaz əmlaklarını müsadirə edə bilər. Bu halda, ziyana uğramış rus oliqarxiyasının Rusiya prezidenti Vladimir Putindən narazı düşəcəyi də istisna deyil. Bütün bunlar Kreml üçün o qədər də ürəkaçan perspektivdən xəbər vermir”. 

Analitik hələlik, Rusiyanın daha ağır beynəlxalq sanksiyalar tətbiq olunacağı təqdirdə, onlara qarşı necə duruş gətirəcəyinin məlum olmadığını vurğulayıb:  

“İndiki situasiyada Kremlin əlində ABŞ və Qərbə qarşı yalnız enerji resurları, eləcə də, hərbi potensialın tam işə salınması ilə bağlı təhdid mexanizmləri var. Ancaq ABŞ və Qərb böyük riskə gedərək, daha radikal addımlar atıb daha ağır sanksiyalar tətbiq edərsə, bu Rusiya üçün hətta fəlakətin başlanğıcına da çevrilə bilər.Çünki, Rusiyanın maliyyə-iqtisadi itkiləri tədricən ölkənin sosial həyatına da təsir göstərməyə başlayacaq. Nəticədə Rusiyada Putin hakimiyyətinə qarşı etiraz dalğasının baş qaldıra biləcəyi qətiyyən istisna deyil.Bu halda Kremlin beynəlxalq sanksiyalar qarşısında duruş gətirməsi qətiyyən asan olmayacaq”.