“Belarus Ukrayna paytaxtını birbaşa təhlükəyə atır” – ŞƏRH

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Belarus ərazisindən hücuma keçdiyinə dair məlumat yayıb : “Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”. Məlumatda qeyd olunub ki, yerli vaxtla 24 fevral saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb.Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-leytenant Valeri Zalujnı isə “facebook” hesabında Belarus ərazisindən Ukraynanın cənub-şərq istiqamətinə 4 ballistik raket atıldığını qeyd edib.

Siyasi şərhçi Turab Rzayev Belarusun Rusiya-Ukrayna münaqişəsindəki  bu mövqeyini “Sherg.az”a şərh edib:

“Hazırda rəsmi Moskva  Kiyevin işğalını həyata keçirir. Bu işdə Belarus Rusiyanın dediyi hər şeyi qeyd şərtsiz həyata keçirir. O hazırda Rusiyanın vassalı kimi davranır. Bilirsiniz ki, Lukaşenko sərbəst siyasət yeridirdi. Amma son seçkilərdəki mitinqlərdən sonra o  Rusiyaya sığınmalı oldu. Putin ona vassallıq  müqaviləsi imzalatdırdı. İndi o xarici siyasətdə  hərbi məsələlərdə piar meneceridir”.

Analitik hazırda Rusiyanın Kiyevdən 15 dəqiqəlik məsafədə yerləşən  Antonov Beynəlxalq hava limanını ələ keçirdiyini vurğulayıb. Onun fikricə,bu Belarusun öz ərazisini Kiyevə hücum üçün birbaşa  Rusiyanın ixtiyarına verməsi deməkdir: 

 “Kiyevə çatmaq üçün Ukraynanın şərqindən  günlərlə ağır döyüş və vaxt lazım olduğu halda Belarusdan bura iki saatlıq məsafədir. Belarus bu addımla Ukrayna  paytaxtını birbaşa təhlükəyə atır”. 

Siyasi şərhçiyə görə,Lukaşenko bununla  özünün Putinin idarə etdiyi oyuncaq dövlət rəhbərindən başqa bir şey olmadığını bir daha sübut etdi.