Gürcüstan Moskvaya çıxmağa cəsarət etmir

Çünki İvanişvili var-dövlətini Rusiya vasitəsi ilə toplayıb, böyük oliqarx olub

"Rusiya ilə ehtiyatlı davranış hökuməti Qərbin də gözündən salacaq. Bu isə Saakaşvilinin mövqeyinin yenidən güclənməsinə səbəb olacaq"

   Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarına etiraz olaraq başladılan aksiyalar böyüməkdədir. Paytaxt Tbilisidə başlayan etiraz aksiyaları bütün ölkəyə yayılmaqdadır. Batumi, Kutaisi, Rustavi və Zuqdidi də hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. 

Ekspertlər bunu son 30 ilin ən kütləvi və genişmiqyaslı etiraz aksiyaları hesab edirlər. Baş nazir İrakli Qaribaşvili isə müxalifəti 2008-ci il faciəsini təkrarlamaq cəhdində ittiham edib. Baş nazirin bu xəbərdarlığı tamamilə əks effekt verib. “Gürcü Arzusu” iqtidarına qarşı müxalifətin geniş koalisiyası formalaşıb. Müxalifət Qaribaşvilidən Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmağı, əks halda istefa verməyi tələb edirlər. 

Müxalifət eyni zamanda, Rusiya telekanallarının Gürcüstan ərazisində yayımının dayandırılmasını da istəyir. Hökumət isə hesab edir ki, müxalifətin çağırışları Rusiyanın Gürcüstana qarşı təkrar təxribatına səbəb ola bilər. Bəzi ekspertlərə görə, Gürcüstanın siyasi gündəmi hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili tərəfindən müəyyənləşdirilir. 
Gürcüstan Prezidenti Salome Zurabişvili də Qaribaşvilinin mövqeyini tənqid edib. O, Qaribaşvilinin niyə bu cür bəyanat verdiyini bilmədiyini deyib: “Əvvəla, onun niyə belə dediyini bilmirəm. Hesab edirəm, sanksiyalara qoşulmamağımız məntiqsizdir, mən bu cür bəyanat verməzdim. İndi vacib olan və Gürcüstandan gözlənilən həmrəyliyimizdir və mən Avropaya bunu nümayiş etdirmək üçün bura gəlmişəm”. 

Gürcüstanın Ukrayna ilə bağlı yanaşmasını və ölkədə başlamış etirazları “Şərq”ə şərh edən politoloq Turab Rzayev deyib ki, Rusiya Ukrayna ilə müharibəyə girməzdən əvvəl ətrafındakı ölkələrlə müəyyən müqavilələr imzaladı. Analitikə görə, Moskva bununla qonşu ölkələri Rusiyaya qarşı ittifaqa qoşulmamağa çağırdı: 

“Daha doğrusu, Kreml region ölkələrini Ukraynaya dəstək verəcəkləri və Rusiyaya qarşı sanksiyalara qoşulacaqları halda sərt addım atacağı ilə hədələdi. Orta Asiya ölkələri, o cümlədən ərazisi işğal altında olan Gürcüstan bu hədələri nəzərə almaq məcburiyyətində qaldı. Məqsəd Rusiyanın aqressiyasını öz üzərlərinə çəkməmək idi. Onu da nəzərə alaq ki, Gürcüstandakı hökumətin himayəçisi milyarder Bidzina İvanaşvilidir. Bu şəxs öz var-dövlətini Rusiya vasitəsi ilə toplayıb və böyük oliqarx olub. Birbaşa Moskvaya qarşı çıxmağa cəsarət etmir. Baş nazirin “Rusiyaya qarşı sanksiylara qoşulmayacağıq” açıqlamaları Kiyevdə qıcıq doğurdu. Nəticədə Zelenski diplomatik münasibətləri kəsməyi qərara aldı və səfiri geri çağırdı. Bundan əvvəl Ukrayna rəhbərliyi “beynəlxalq legion dəstələri”nin yaradılması çağırışı etmişdi. Bir çox ölkə öz vətəndaşlarına Ukraynaya döyüşmək üçün getməyə icazə verdi. Amma Gürcüstan buna mane oldu və Ukraynadan döyüşçü aparmaq üçün gələn təyyarəyə eniş icazəsi vermədi. Bu da Kiyevi qəzəbləndirmişdi”. 

T.Rzayev vurğulayıb ki, Ukrayna ordusunun, sənayesinin, prokurorluq sisteminin qurulmasında sabiq prezident Mixail Saakaşvilinin və onun komandasının böyük xidmətləri olub:

 “Hazırda Ukraynanın müdafiəsini təşkil edənlər arasında “gürcü batalyonu” da var. Gürcüstan hökuməti Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək və çıxılmaz vəziyyətə düşmək niyyətində deyil. Amma rəsmi Tbilisinin mövqeyi və etirazlar daxili siyasətdə böhrana səbəb olacaq. Rusiya ilə ehtiyatlı davranış hökuməti Qərbin də gözündən salacaq. Bu isə Saakaşvilinin mövqeyinin yenidən güclənməsinə səbəb olacaq”.