Mövqelər koordinasiya olunub! – “Zəngəzur və Laçın dəhlizləri, strateji fəaliyyət planı...”

Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə dövlət başçısını qarşılayıb. Görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Türkiyəyə işgüzar səfərə gedib. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

İki ölkə lideri arasında baş tutan görüşü “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev görüş zamanı müzakirə olunan məsələləri açıqlayıb:

“Burada əsasən iki məsələ müzakirə olunub. Birinci məsələ Ukraynaya qarşı baş verən müharibədə Türkiyə və Azərbaycanın mövqeyindən ibarət olub. Çünki burada Azərbaycan və Türkiyə tamam fərqli mövqe izləyir. Nə Qərbin yanında yer alıb Ukraynaya birbaşa hərbi və maliyyə dəstəyi verir, nə də ki, Rusiyanın işğal və aqresiyyasına haqq qazandırırlar. Həmçinin sanksiyalara da qoşulmurlar. Eyni şəkildə hər iki dövlət - Azərbaycan və Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı müzakirələr aparılıb, Azərbaycan və Türkiyənin Ukrayna müharibəsi dövründə tutacağı mövqe koordinasiya olunub. Bundan başqa, "Şuşa Bəyannaməsi" məsələsi də var”.

Siyasi şərhçi T.Rzayev qeyd edib ki, Azərbaycan və Türkiyə arasında yarım qalmış layihələr müzakirə olunub:

“Zəngəzur dəhlizi,  Naxçıvan-Iğdır-Qars dəmiryolu xətti, avtomobil yollarının çəkilməsi, hərbi - strateji əməkdaşlıq məsələləri və başqa yarım qalmış layihələr müzakirə olunub. Azərbaycan Türkiyə ilə "Şuşa Bəyannaməsi"ndən sonra hərbi - strateji müttəfiq olduğuna görə, artıq beynəlxalq təhlükələrə qarşı iki ölkə öz fəaliyyətini koordinasiya edir”.  

T.Rzayev hesab edir ki, Türkiyə bu görüşlə həm də Azərbaycanın yanında olduğunun mesajını verib:

“Bundan başqa, xüsusilə son dövrlərdə Qarabağda, sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə atışmalar artıb və müxtəlif təxribatlar baş verir. Eyni zamanda, Laçın dəhlizindən hərbi yüklərin daşınması məqsədilə istifadə olunur ki, Azərbaycan bununla bağlı BMT, ATƏT və.s kimi qurumlara müraciət edib. Düşünürəm ki, həm də bu məsələlər müzakirə predmeti olub. Türkiyə həm Azərbaycanın yanında olduğunu mesajını verib, həm də iki ölkə qarşılıq şəkildə necə mübarizə aparacaqları ilə bağlı fikirlərini bölüşüblər, fəaliyyət planı hazırlayıblar”.

Çimnaz