Rusiya ilə yanaşı Ermənistan da çökür! – “Zaman Azərbaycana işləyir”

“Lehimizə olan süzgəcdən keçirik. Məsələlərin həlli üçün konkret məqamlar var ki, onlar üçün uyğun vaxtı gözləməliyik”

44 günlük müharibə Ermənistanın uzun illər, istismar etdiyi Azərbaycan torpaqlarında qanunsuz olaraq taxıl əkini ilə məşğul olmasına da son qoydu.
Bu isə Ermənistan dövlətinin taxıla olan ehtiyacının artmasına, dolayısı ilə taxılın əsas ixrac yeri olan Rusiyadan asılılığının artmasına gətirib çıxarıb.

Ötən günlərdə məsələ ilə bağlı danışan erməni deputat Vaqe Akopyan bildirib ki, rəsmi Moskva tərəfindən taxıl ixracının mümkün məhdudlaşdırılması ilə bağlı verdiyi proqnozlar reallığa çevrilib:

“Rusiyaya qarşı sanksiyalar nə qədər ağırlaşsa, Ermənistana da o qədər ağır təsir göstərəcək. Bu gün biz Rusiyadan asılı vəziyyətdəyik”.

Qeyd edək ki, Kremlin Ukrayna qarşı işğalçı siyasətinə adekvat olaraq Qərb və ABŞ-in Rusiyaya sanksiyalar tətbiq etməsinə səbəb olub. Şimal qonşumuz 200-ə yaxın qlobal dünya şirkətləri tərəfindən  təcrid olunub. Tarix boyu Rusiyanın siyasi, hərbi maşası olan Ermənistan iqtisadi cəhətdən də ondan asılıdır. Görünür, sanksiyalar rəsmi İrəvana da mənfi təsir göstərəcək. Həmçinin ehtimal olunur ki, baş verənlər Qarabağdakı erməni separatçıların da vəziyyətini ağırlaşdırır. Bu vəziyyət onların Azərbaycan torpaqlarını tərk etməsinə yol açır. Ya özləri çıxacaqlar, ya da müzəffər Azərbaycan ordusu antiterror əməliyyatları ilə qanunsuz erməni silahlı dəstələrini torpaqlarımızdan qovacaq. 

Ermənistanın mövcud vəziyyətindən “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, rəsmi İrəvan iqtisadiyyatının 70 faizi Rusiyadan asılıdır:

“Həmçinin oraya gələn valyuta daxil olmalarının yarısı da  eyni vəziyyətdədir. Söhbət təkcə ticarət münasibətlərindən yox, həm də Rusiyada yaşayan miqrantların 100 milyonlarla dolları Ermənistana göndərməsindən gedir”.

İqtisadçı-ekspert Ermənistan dramı və iqtisadiyyatının vəziyyətinin getdikcə çətinləşdiyini vurğulayıb:

“Sanksiyalar qoyulan zaman ən çox reaksiya verən milli valyutalardan biri Ermənistan dramı oldu. Yəni rus rublu ilə bərabər dəyərdən düşməyə başladı. Bu onu deməyə əsas verir ki, iki ölkənin iqtisadiyyatları həddindən artıq bir-birinə bağlıdır. Rusiyada yaşanacaq iqtisadi böhran  rəsmi İrəvana da sıçrayacaq. Kifayət qədər ciddi məsələdir”.

 N.Cəfərli bildirib ki, qondarma rejimin nümayəndələrini  rus "sülhməramlıları" mandatlarına uyğun olmayaraq faktiki olaraq tanıyıb:
“Onlarla görüşür danışır, məsələlər həll edir. Rusiyanın zəifləməsi nəyin ki, bölgəmizə, o cümlədən dünyaya təsir edəcək. Yaxın gələcəkdə böyük süprizlər olmazsa, şimal qonşumuzun siyasi və hərbi zəifləməsi getdikcə bölgədə dayaqlarının itirilməsinə də səbəb ola bilər. Bu da, Azərbaycana əlavə üstünlüklər verir. Yəni müqavilə şərtlərinə uyğun olaraq biz daha çox Rusiyanın öz sülhməramlı missiyasına uyğun davranmağını tələb edə bilərik”.

Ekspert Azərbaycanın gözlənilən situasiyalarda hansı addımları ata biləcəyini izah edib:

"Əgər bizim istəklərimiz yerinə yetirilməzsə, ölkəmiz suveren dövlət kimi öz ərazisində istədiyi addımı, o cümlədən antiterror əməliyyatlarını da başlada bilər.  Amma indiki şəraitdə gözləmə metodu daha yaxşıdır. Zaman iqtisadiyyat, demoqrafiya, hərbi güc və beynəlxalq ittifaqlar cəhətdən Azərbaycana işləyir. Lehimizə olan süzgəcdən keçirik. Məsələlərin həlli üçün konkret məqamlar var ki, onlar üçün uyğun vaxtı gözləməliyik”.