Rusiya təcrid olunduqca yolunu dəyişir

Ölkədə “dəmir pərdə” dövrünə qayıdışın ideoloji hekayəsi də yavaş-yavaş formalaşmaqdadır

Rusiya gecəylə instagramı blokladı. "Cola"sız, "McDonalds"sız, "İnstagram"sız Rusiya necə olacaq, bu barədə yalnız natamam təsəvvürlər ortada dolaşır. Amma hiss edilir ki, ölkədə “dəmir pərdə” dövrünə qayıdışın ideoloji hekayəsi də yavaş-yavaş formalaşmaqdadır. 
Konstantin Malofeev adlı rus milyarderi var. Hələ 2014-cü ildən ABŞ və Avropanın sanksiya siyahısındadır. Bu yaxınlarda bir kitab yazıb.

 Adını qoyub “İmperiya”. Əsas təklifləri budur ki, Rusiya orta məktəblərində ingilis dili saatları azaldılsın. Kino və ədəbiyyatda sovet dövründə olduğu kimi dövlət sifarişi gücləndirilsin. Cəmiyyətdə kilsənin rolu artırılsın. Tikinti çar dövrünün memarlığına qayıtsın. Yaşayış məskənlərindən bolşevik adları götürülsün. Dövlət qulluqçuları, müəllimlər, tələbələr, şagirdlər çar dövründə olduğu kimi xüsusi uniformaya keçsinlər və qeyri belə şeylər. 
Bu haqda oxuyanda SSRİ dövrünün dəmir pərdəsini aralayıb aradan çıxmaq istəyən şəxslərlə bağlı iki hadisəni xatırladım. Hər iki hadisədən təyyarə qaçırmaq əhvalatı keçir. Birincisi, 1983-sü ilin noyabrında Gürcüstanda baş verib. Təfərrüatlara varmayacağam. Gürcü yazıçısı David Turaşvilinin bu barədə “Cins dövrünün uşaqları” adlı gözəl bir əsəri var. İstəsəniz tapıb oxuyarsınız. Filmi də çəkilib. 

İkinci hadisə isə Oveçkinlər ailəsinin faciəli aqibətidir. 
Bu da xeyli maraqlıdır, məsləhətdir axıra qədər oxuyasınız. 

80-ci illərin sonlarını xatırlayanlardan burada neçə nəfər var? Yadınızda olar, o vaxt ailə ansambllarına maraq artmışdı.  Azərbaycanda da bir dəfə televiziya ailə ansambllarının müsabiqəsindən veriliş yayımlayırdı. Baxıb ləzzət aparırdıq. 
İrkutskda yaşayan Oveçkinlər ailəsi də caz musiqisi qrupu yaratmışdı. «Sem Simeonov» adı ilə çıxışlar edirdilər. Xaricə qastrolları olurdu. Hətta onlar haqqında sənədli film də çəkilmişdi. Belə -dı, -di, -du, -dü yazıram, elə çıxır ki, guya, onları uşaq vaxtımdan tanıyırammış, qətiyyən. Haqlarında bir neçə ildir ki, oxumuşam. Dedim, imkandır, indiyə qədər bu barədə bilməyənlər də bilsin. 

Oveçkinlər ailəsinin başçısı bir neçə il əvvəl vəfat etmişdi. 51 yaşlı  həyat yoldaşı Ninel Sergeyevna qəhrəman ana idi: 7 oğlu, 4 qızı, böyüyünün 32, lap balacasının 9 yaşı. Çoxuşaqlı ailə dövlətin verdiyi 2 üçotaqlı mənzildə yaşayırdı. Bir həyət evləri də vardı. Belə baxanda o dövrün şərtlərinə görə alababat dolanırdılar. Amma ciddi konsertlərə az dəvət edirdilər onları. Dəvət edildiklərindən də qonorarlarını ala bilmirdilər. Sonda hay-küy salırdılar ki, “Pulumu verin”.  
1987-ci ildə Yaponiyada qastrolda olanda belə qərara gəlirlər ki, SSRİ-dən qaçmaq lazımdır. Deyəsən, Yaponiyadakı ABŞ səfirliyindən sığınacaq istəməyə də gəlirlər. Amma rədd cavabı alıb yenə qayıdırlar İrkustka. Başlayırlar qaçış üçün yollar axtarmağa, necə, nə təhər? Uşaqlardan hansısa təyyarə qaçırmağı təklif edir. Razılaşırlar. Ailənin artıq ərdə olan qızı Lüdmiladan başqa hamı – ana və 10 övladı 1988-ci ilin 8 martında doluşurlar İrkustk – Kurqan – Leninqrad reysi üzrə uçan Tu-154 təyyarəsinə. Kontrabasda təyyarənin bortuna əldəqayırma iki bomba və iki kəsiklülə tüfəng keçirirlər. 
Təyyarə Kurqandan havaya qalxıb Leninqrad səmtinə istiqamət götürəndə içəridə Oveçkinlər də daxil 76 sərnişin və uçuş heyətinin 8 üzvü olur. Uçuş başlayandan az sonra, qardaşlardan ikisi əllərindəki silahı sərnişinlərə tuşlayıb yerlərindən tərpənməməyi əmr edir. Vasili adlı daha bir qardaş isə stüardessa vasitəsilə pilotlara “zapiska” göndərib əllərində silah olduğunu bildirir. Tələb edir ki, Londona, ya da İngiltərənin hansısa başqa bir şəhərinə uçsunlar. Təyyarənin yanacağı az olduğundan bort mühəndisi onlara ən uzağı Finlandiyaya qədər uça biləcəklərini birtəhər başa salır.  Razılıq verirlər. Təyyarənin bir azdan yanacaq götürmək üçün Finlandiyanın sərhəddəki Kotka şəhərinə enəcəyi elan olunur. Oveçkinlər eşidib sevinirlər ki, hə, deyəsən alındı axı. Yerə enib, sovet əsgərlərini görüb buranın Kotka deyil, sovet hərbi aerodromlarından biri olduğunu anlayanda isə daha iş-işdən keçmişdi. 
Oğlanlardan Dmitri onda stüardessanı güllələyir.  Sonra bir neçə saatlıq danışıqlar və yekunda milisin hücumu başlanır. Artıq geriyə yol qalmadığını görən ana oğlu Vasiliyə onu, böyük uşaqları və axırda özünü öldürməyi əmr edir. Beləliklə, Ninel Sergeyevna və və dörd oğlu həlak olur. 1 stüardessadan başqa 3 sərnişin də təyyarə yanan zaman tüstüdən boğulub həyatını itirir.  

Oveçkinlərin yerdə qalanları təyyarədən çıxıb ölümdən qurtulsalar da, hərəsi bir cür bədbəxt olur. Həbsdən sonra biri içkiyə qurşanır, biri intihar edir, başqası sağlamlığını itirir. 
Adlarını məşhur bir rus xalq nağılından götürmüşdülər. 

Özləri də axırda nağıla döndülər. Sonra hər yerdə belə yazıldı: “biri  vardı, biri yoxdu, bu dünyada bir «Sem Simeonov» qrupu vardı”.

Bu kədərli əhvalatdan sonra, əziz dostlar, hamınıza dəmir pərdəsiz və pandemiyasız dünya, təhlükəsiz uçuşlar, gözəl səyahət imkanları arzulayıram. 

Yadımdan çıxmamış onu da deyim ki, ABB Miles kartının faydaları haqqında ətraflı öyrənib, kartdan birini alıb, alış-verişlərinizi onunla apararaq millər toplasanız, gediş-dönüş təyyarə biletləriniz, otel rezervasiyalarınız tamamilə pulsuz başa gələr.

Yadigar Cəfərli