XİN başçısının müavini İƏT-in baş direktoru ilə görüşüb


Xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclası çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş əsnasında Yerlan Baidaulet rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Bu xususda, o, Azərbaycan Respublikasının İƏT çərçivəsində həyata keçirilən layihələrə verdiyi töhfələri yüksək qiymətləndirərək göstərilən xüsusi dəstəyə görə ölkəmizə təşəkkürünü çatdırıb.

E.Məmmədov Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daima xüsusi önəm verdiyini, ölkəmizin bu qurumda fəal rol oynadığını həmsöhbətinin diqqətinə çatdıraraq Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının fəaliyyətinə dair ətraflı məlumatın verildiyinə görə təşəkkürünü bildirib. Qida təhlükəsizliyinin təmin olunmasının önəmindən söz açan E.Məmmədov Azərbaycan Respublikasında bu istiqamətdəki fəaliyyətin ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını xüsusi vurğulayıb. Nazir müavini qida təhlükəsizliyi ilə bağlı İƏT üzv ölkələri arasında qarşılıqlı dialoqun aparılmasının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.