Musiyenko:“Ermənistan Ukraynaya qarşı müharibədə Rusiya ilə şərik ola bilər”

Kiyev Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko Ermənistanın öz təyyarələrini Ukraynadakı hərbi əməliyyatlarda istifadə edilməsi üçün Rusiyaya verməsi faktını şərh edib.

Oxu.Az -ın əlaqə saxladığı ekspert qeyd edib ki, əgər məlumat doğrudursa, bu, Ermənistanın Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi anlamına gələ bilər.

“Rusiya Ukraynaya qarşı fəaliyyətilə BMT Baş Assambleyanın 3314 saylı “Təcavüzün tərifi” qətnaməsinin tələblərini pozur. Beləliklə, Ermənistan da Ukraynaya qarşı müharibədə şərik ola bilər”, - deyə mütəxəssis bildirib.

Ukraynadakı hərbi əməliyyatların gedişinə toxunan Musiyenko vurğulayıb ki, Rusiya tərəfi hadisələrin belə bir inkişafını qətiyyən planlaşdırmayıb:

- Əsirlərin bu barədə çoxlu ifadələri var. Hərbi qeyd jurnalları, həmçinin cəmi üç günlük ehtiyatı olan yemək payları tapılıb. Rusiya uzun sürən müharibəyə ümid etmirdi. Moskvanın Ukraynadakı vəziyyəti dəyərləndirərkən çox böyük səhvə yol verdiyi göz qabağındadır. Onlara ciddi müqavimət göstərilməyəcəyi, əhalinin daha loyal olacağı ilə bağlı hesablama aparılıb. Hər şeyin tam əksinə olduğu ortaya çıxdı. Müqavimət əvvəl də var idi və indi də var. İnsanlar Rusiya qoşunlarını sevinclə qarşılamaq üçün küçələrə çıxmadılar.

Hesab edirəm ki, Rusiya Federasiyasında müharibəni maksimum bir həftəyə bitirməyi planlaşdırırdılar. Bu müddət ərzində müqaviməti qırmaq və Ukrayna hakimiyyətini Rusiyanın şərtləri ilə təslim olmağa məcbur etmək planlaşdırılırdı. Bu, baş vermədi. Onlar ciddi müharibəyə cəlb olunublar və getdikcə daha çox beynəlxalq təcridlərə məruz qalırlar. Qərb güclü sanksiya təzyiqi göstərir. Və hələ ki, Rusiya Federasiyasının Xerson və Xerson vilayətinin müvəqqəti işğalı ilə yanaşı, hər hansı məqsədlərə, ciddi qələbələrə nail olması görünmür. Bu günə kimi başqa heç bir rayon mərkəzini nəzarətə götürə bilməyiblər.

Deməli, Moskva öz məqsədlərinə çatmayıb, əksinə. Rusiya canlı qüvvə və texnikada böyük itkilər verir və sanksiya təzyiqi artır. Kremldə və Smolensk meydanında bunu gözləmirdilər. Bunu hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da dolayısı ilə təsdiqləyib. O, sanksiyaları gözlədiklərini, lakin onların, məsələn, Rusiya Mərkəzi Bankının aktivlərinə həbs qoyulması qədər sərt olacağını düşünmədiyini bildirib.