Azərbaycan Gürcüstana üç əsas dost ölkədən biridir

Gürcüstanda rəyi soruşulanlar ABŞ, Ukrayna və Azərbaycanı ölkənin hazırkı üç əsas dostu hesab edirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bu, “Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan” (CRRC) təşkilatının “Qafqaz barometri” adlanan sorğusunun nəticələrindən məlum olub.
Respondentlərin 28 %-i ABŞ, 17 %-i Ukrayna, 8 %-i isə Azərbaycanı Gürcüstanın əsas dostu adlandırıb. Türkiyəni Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 4 % təşkil edib. Rusiya və Ermənistanla bağlı faiz göstəricisi isə müvafiq olaraq 3 % və 2 %-dir.
2015, 2017 və 2019-cu illərdə aparılmış eyni sorğunun nəticələri ilə müqayisədə Azərbaycanı Gürcüstanın əsas dostu hesab edənlərin göstəricisi 1 % artıb.
Sorğuda iştirak edənlər “Gürcüstanın inkişafı üçün hansı ölkəni nümunəvi hesab edirsiniz?” sualını da cavablandırıblar. İlk üçlükdə ABŞ (25 %), Almaniya (20 %) və İsrail (5 %) yer alıb. Respondentlərin 2 %-i Azərbaycanı, 3 %-i isə Türkiyəni nümunəvi ölkə kimi göstərib.

Qeyd edək ki, sorğu 2021-ci il dekabrın 17-dən 2022-ci il yanvarın 31-dək işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə 1 540 respondent arasında aparılıb.