Gürcüstanın XİN başçısı “Cənubi Osetiya”nın Rusiyaya qoşulmaq niyyətinə münasibət bildirib

Gürcüstanın XİN başçısı “Cənubi Osetiya”nın Rusiyaya qoşulmaq niyyətinə münasibət bildiribDavid Zalkaliani
“Gürcüstan üçün işğal altında olan ərazisində referendum barədə danışmaq qəbuledilməzdir. Bu işğalın yalnız siyasi deyil, Strasburq məhkəməsinin verdiyi hüquqi qiyməti də var”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, işğal şəraitində hər hansı bir referendumun heç bir hüquqi qüvvəsi olmayacaq: “Xüsusən də ona görə ki, yüz minlərlə vətəndaşımız etnik təmizləmə nəticəsində qovulub və onların öz evlərinə qayıtmaq hüququ yoxdur. Bu məsələdə beynəlxalq ictimaiyyətin bizə böyük dəstəyi var”.

XİN başçısı Gürcüstanı yenidən təxribatlara çəkməklə bağlı cəhdlərin olduğunu qeyd edib: “Biz əlbəttə ki, buna yol verməyəcəyik. Gürcüstan hakimiyyəti ardıcıl sülh siyasətinə sadiqdir. Bu siyasət güc tətbiq etmədən işğala son qoymağa yönəlib. Biz ərazi bütövlüyümüzü bərpa etmək üçün güc tətbiq etməyəcəyik. Bu mövqeyimizi beynəlxalq ictimaiyyət də dəstəkləyir”.

Qeyd edək ki, ötən gün qondarma “Cənubi Osetiya”nın “prezident”i Anatoli Bibilov bildirib ki, “respublika”nın Rusiyanın tərkibinə daxil olması ilə bağlı yaxın zamanlarda hüquqi addımlar atılacaq. Bu məsələ ilə bağlı qondarma rejim aprelin 10-dan sonra referendum keçirmək niyyətindədir.