Ermənistan Rusiyaya qırıcılar verib! - “Dünya bu cinayətə göz yumur” 

Asim Mollazadə: “Rəsmi İrəvana qarşı hər hansı  sanksiyalar və cəzalar tətbiq edilmir. Bu, məhz erməni lobbiçilərinin səyləri nəticəsindədir”

Tural İsmayılov:“ Zənnimcə, rəsmi Kiyev bu xəyanətkarlığa qarşı kifayət qədər tutarlı cavablar verəcək”

Ermənistanın Ukraynanın işğal edilməsi üçün Rusiyaya dəstək məqsədilə "Su-30" qırıcı təyyarələri göndərməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın komandası susqun qalıb. Lakin hökumətə yaxın teleqram kanalları bunun əksini göstərir.

Bu barədə Türkiyənin “Haber Global” telekanalı bəhs edib.

N.Paşinyan qırıcı təyyarələrinin ölkəni tərk etməməsi ab-havasını yaratmaq məqsədilə  təcili surətdə Suriyadan “Su-30” təyyarələri gətirib və NATO nümayəndələrinə nümayiş etdirib.

Buna görə də, sosial şəbəkənin erməni seqmentində tənqid olunub.
Bundan başqa, “Haber Global”ın 4 qırıcı təyyarəsinin pilotlarla birgə rəsmi Moskvaya göndərilməsi xəbəri Ermənistan kəşfiyyatının  zəifliyini ortaya çıxarıb. Gizli məlumatın mətbuata sızması N.Paşinyanı Rusiyaya qarşı çətin vəziyyətə salıb, iki ölkə arasında diplomatik gərginlik alovlanmağa başlayıb.
Xatırladaq ki, Ermənistanın Rusiyaya döyüş təyyarəsi və pilotlarla dəstək verməsi xəbərini ilk dəfə “Haber Global” televiziya kanalı ictimailəşdirib. N.Paşinyan əvvəlcə bu xəbəri təkzib etsə də, daha sonra “Haber Global”ın yayımladığı peyk görüntüləri onu səssiz qalmağa vadar edib. Beləliklə, rəsmi irəvan bu addımı ilə işğala dəstək verib.

Qeyd edək ki, Azərbaycan Ermənistanın çirkin niyyətlərinə  daim bələd olub. Lakin Qərb həmişə susub.İndi də Rusiya işğalına dəstək verən Ermənistana qarşı heç bir tədbir görmürlər.

Ermənistanın ikiüzlü siyasətindən “Sherg.az”a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, bunun səbəbi bir sıra Qərb ölkələrində və ABŞ-da siyasətə təsir edə bilən diasporun lobbiçilik fəaliyyətidir:

“Müəyyən qədər siyasi korrupsiyaya uğramış Avropa və Amerika siyasətçiləri Ermənistanın istənilən cinayət əməllərinə göz yumurlar. Biz bunu uzun illərdir, müşahidə edirik. Ermənistanın istənilən hərəkəti diqqətdən yayındırılır. Rəsmi İrəvana qarşı hər hansı  sanksiyalar və cəzalar tətbiq edilmir. Bu, məhz erməni lobbiçilərinin səyləri nəticəsindədir”.

Politoloq Tural İsmayılov da qırıcı təyyarələrin verilməsini Ermənistanın Rusiyaya yarınması kimi qiymətləndirib:

“Ermənistanın Qərbə qarşı ikiüzlü siyasət yürütməyi,  Avropa siyasi institutlarının nəzərindədir. Bundan əvvəl N. Paşinyanın sorğusunda da Qərbin imperialist mərkəzləri tərəfindən yetişdirilən siyasətçi olduğu Rusiyaya məlum idi. Hətta bu, Kreml və İrəvan arasında siyasi çatlar yaradıb. Paşinyanın rəsmi Moskvaya qırıcıları verməyi ona yarınmaq cəhdir. Ancaq nəticəsi olmayacaq. Çünki rus siyasi və hərbi elitası onun nə qədər ikiüzlü və qeyri-səmimi biri olduğunu dərk edir. Sadəcə, rəsmi İrəvan Rusiya ilə korlanan münasibətlərdə özünə bu tip qeyri-humanist addımlarla xal qazanmağa çalışır. Bu isə, Paşinyan höküməti ilə Qərb əlaqələrinin zədələnməsinə səbəb ola bilər”.

 Politoloq Ermənistan-Ukrayna münasibətlərinə toxunub:

“Zənnimcə, rəsmi Kiyev bu xəyanətkarlığa qarşı kifayət qədər tutarlı cavablar verəcək. Daha sonrasında Erməni lobbiçiləri İrəvanın Avropada korlanan imicini bərpa etmək üçün tədbirlər görməyə çalışacaq. Amma erməni hakimiyyəti öz simasını hər iki tərəfdə çoxdan itiriblər”.