Pentaqon: Rusiya Ukraynada döyüş gücünün 20%-ni itirib


Müharibə başlayandan bəri Ukrayna hərbçiləri Rusiya qüvvələrinin 15-20%-ni məhv edib. Rusiya Federasiyası isə Donbasda hücumu gücləndirmək üçün qoşunlarını cəmləşdirir.

Bu barədə Pentaqonun adı açıqlanmayan rəsmisinə istinadən “ABC News” məlumat yayıb.

Rəsminin sözlərinə görə, hər biri 800-1000 nəfərdən ibarət batalyon taktiki qrupların (BTQ) bir hissəsi faktiki olaraq məhv edilib. Qoşunların qalan hissəsi Rusiya Federasiyasına və Belarusa geri çəkilib.

“BTQ-də bir ovuc hərbi qulluqçu və bəlkə az miqdarda texnikadan başqa heç nə qalmayıb”, - deyə rəsmi bildirib.

O əlavə edib ki, ümumi itkilər baxımından (hərbçi, tanklar, təyyarələr və raketlər) Rusiya Federasiyası ilkin döyüş gücünün 15- 20%-ni itirib. Çıxarılan qüvvələrin bir hissəsi indi Belqorod və Valuykiyə doğru hərəkət edir.

“Lakin orada yeni qoşunların onlara qoşulmaq üçün gözlədiyinə dair heç bir əlamət yoxdur. ...Rusiya BTQ-ləri yerdə qalan qoşunları birləşdirərək, konsolidasiya imkanlarını araşdırır”, - deyə nəşr yayıb.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 700 tankı, 1 891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 361 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 112 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib