“Putin müharibəni bitirmək üçün səbəb axtarır” - Prezidentliyinin son akkordları...

“Rusiya prezidenti Vladimir Putinin nüvə çamadanı ilə radikal sağçı V.Jirinovski ilə vida mərasimində nümayişkaranə poz verməsi onun qeyri-adekvat olmasının göstəricisidir”.
Bunu “Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 
Partiya təmsilçisi qeyd edib ki, Putin hətta təsir gücü az olan taktiki nüvə silahından istifadə edərsə, kütləvi qırğın qaçılmaz olacaq: 

“Ən azından 10 minlərlə insan tələf ola bilər. Buça, Xarkov və Kramatorska fırlatdığı raketləri atmadığını deyən ölkə nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür. Putin bu cinayətin altından çıxa bilməz, əksinə embarqolar daha da sərtləşər. Kiyev istiqamətində uğursuzluğunu Donbasa hücumla reabilitasiya etməyə cəhdi də uğursuz olacaq. Hazırda Putin müharibəni bitirmək üçün səbəb və bəhanə axtarır. Böyük ehtimalla Rusiya Donbas bölgəsinə hücumları intensivləşdirərək indiyə qədər nəzarətində olan hissəsini ilhaq edib qələbəsini elan etməyə cəhd edəcək. Bundan sonra 70 yaşlı Putin prezidentliyinin son dönəmini yaşayacaq”.