Ermənistanın Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur

Sahib Alıyev: "Biz Qarabağda etnik təmizləmə aparmırıq. Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanları separatçı-terrorçu ünsürlərin zülmündən qurtarmağa çalışırıq"

   “Ermənistan XİN-in növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”. 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in 10 aprel 2022-ci il tarixli bəyanatına dair şərhində deyilib. Azərbaycan Xarici İşlər Nazirliyindən vurğulanıb ki, bir milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan Ermənistan tərəfi heç bir əsasla kütləvi qətldən, etnik təmizləmədən danışa bilməz: 

“Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bəyanatları qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın seçimindən asılı olmayaraq, Azərbaycan öhdəlikərinə və beynəlxalq hüquqa uyğun olaraq addımlarını atacaq”. 

Qeyd edək ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Moskvadan həmkarı Sergey Lavrovla məsləhətləşmələrdən dönər-dönməz onun rəhbərlik etdiyi qurum Brüssel görüşündə ölkəsinin üzərinə götürdüyü öhdəliklə daban-dabana zidd açıqlama yayıb. Ermənistan XİN-in yaydığı açıqlamada Azərbaycanın Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan hissəsində “psixoloji terrora” əl atdığı, “humanitar böhran” yaratdığı və ordumuzun öz mövqelərini irəli çəkdiyi bildirilib.
Millət vəkili Sahib Alıyev bildirib ki, Xarici İşlər Nazirliyinin də vurğuladığı kimi “hərbi cinayətlər, soyqırımları törədən Ermənistanın Azərbaycanı ittiham etməyə nə haqqı, nə əsası var:

 “Azərbaycan ardıcıl olaraq yeritdikləri siyasət nəticəsində monoetnikləşən Ermənistan deyil və heç vaxt da olmayacaq. Biz Qarabağda etnik təmizləmə aparmırıq. Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanları separatçı-terrorçu ünsürlərin zülmündən qurtarmağa çalışırıq. Onların çoxmillətli, çoxkonfenssiyalı cəmiyyətimizə reinteqrasiyasına cəhd göstəririk. Bunu da edəcəyik. Həm də ona görə edəcəyik ki, ermənilər Azərbaycanda kompakt şəkildə yaşadıqları kimi azərbaycanlılar da indi Ermənistan adlandırılan dədə-baba torpaqlarına qayıtmalıdırlar!”.