Kreml ciddi sanksiyalardan əziyyət çəkir

İndiyə qədər heç bir dövlət Rusiyanın vəziyyətinə düşməmişdi

Çünki ortada pul, maliyyə var, amma ödənişi həyata keçirmək imkanları yoxdur

Rusiya xarici borcunu faktiki olaraq ödəyə bilmir və istiqraz sahiblərinə dollar ödənişi əvəzinə rubl ödənişləri təklif edib. Bu barədə “Standard & Poor's” reytinq agentliyi məlumat yayıb. Agentlik tərəfindən bildirilib ki, Rusiya aprelin 4-də vaxtı başa çatan iki dollarlıq istiqraz üçün rublla ödəniş etməyə cəhd edib, lakin kreditorlar bu təklifdən imtina ediblər. Analitiklər bunu “seçilmiş defolt” olaraq qiymətləndirib. 

“Rusiya Dəmir Yolları” ödənişi həyata keçirməyə çalışsa da, özünə qarşı tətbiq edilən sanksiyalara görə bunu edə bilməyib. Qeyd edilib ki, yaxın zamanda Rusiyanın öhdəliklərini yerinə yetirə bilməyəcəyindən Federasiyanın defolt elan edəcəyi gözlənilir. Moskvanın kapital və faiz ödənişlərini həyata keçirmək üçün aprelin 4-dən etibarən 30 günlük vaxtı var. Lakin Qərbin tətbiq etdiyi sanksiyalar da nəzərə alınarsa, bu müddətdə borcun ödənilməsi real görünmür. Onu da qeyd edək ki, Qərbin Ukraynaya müdaxiləsindən sonra tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya öz valyuta ehtiyatlarının təxminən 315 milyard dollarını əldə edə bilmir. Ötən həftəyə qədər ABŞ Rusiyaya dondurulmuş aktivlərinin bir hissəsini müəyyən investorlara dollarla ödəmək üçün istifadə etməyə icazə verdi. Lakin ABŞ Xəzinədarlığı o vaxtdan bəri Rusiya Prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün ölkənin Amerika banklarındakı ehtiyatlarına çıxışını əngəlləyib.

İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında bildirib ki, “Rusiya defolt oldu” iddiası ciddi məqamdır və bununla bağlı konkret fikir söyləmək çətindir. Ekspert diqqətə çatdırıb ki, Rusiya ciddi sanksiyalar altındadır və maliyyə cəhətdən iflic vəziyyətdədir: 

“Ölkənin xaricdəki valyuta ehtiyatlarına sanksiyalar tətbiq olunub. Qərb ölkələri ilə iqtisadi, ticari, yəni maliyyə ilə bağlı bütün əlaqələr dondurulub. Rusiya bunlardan istifadə etməkdən məhrum edilib. Ona görə də Rusiyanın hansısa iqtisadi subyektinin borcunu ödəyə bilməməsini “defolt” kimi təqdim edirlər. Çünki geri ödənişi həyata keçirmək mümkün deyil. Amma bu prosesi birbaşa defolt adlandırmaq olmur. 

Defolt adətən o zaman baş verir ki, borclu, ödənişçi müvafiq maliyyə imkanlarına malik olmur və iflasa uğrayır. Bu səbəbdən üzərinə düşən öhdəliyi yerinə yetirə bilmir. Ancaq Rusiya variantında vəziyyət fərqlidir. Bu ölkə məhz sanksiyalara görə maliyyə imkanlarından məhrum qalıb.

 Nəticədə iqtisadi subyektlərin, təsərrüfat qurumlarının kənara çıxışında, ödənişlərində problemlər yaranıb. Bütün hesabları dondurulub.

 Belə olan təqdirdə ödənişin icra olunmamasını həqiqi “defolt” hesab etmək bir qədər çətindir. Çünki ortada pul, maliyyə var, amma ödənişi həyata keçirmək imkanları yoxdur. Bu, tamamilə yeni bir formadır. İndiyədək heç bir ölkədə bənzər hal müşahidə olunmayıb”.