Bakı Brüsselin vasitəçiliyinə daha çox etibar edir

Prezidentin əmin danışması prosesin müsbətə doğru irəliləyəcəyini göstərir

"İndiki məqamda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirir"

   Prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə son günlər yenidən müzakirə predmetinə çevrilmiş ATƏT-in Minsk qrupundan danışıb. Dövlət başçısı vurğulayıb ki, ATƏT yeni reallıqları tam qəbul edib. Ölkə rəhbəri xatırladıb ki, Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər ediblər. Ancaq nəticəsi göz qabağındadır, nəticə sıfırdır: “Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib”. 

Prezident diqqətə çatdırıb ki, Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto etibarsız sayıla bilər. Ölkə başçısı bildirib ki, bir ildən çox müddətdə həmsədrlər bizə hər hansı təklif verməyiblər: “İndiki şəraitdə həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz”. 
Bununla yanaşı, Azərbaycan rəhbəri əlavə edib ki, ATƏT mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər: “İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır. İstənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir”. 

Politoloq Turan Rzayev “Şərq”ə bildirib ki, ölkə başçısının sözlərini Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı yekun qərarı kimi qiymətləndirmək olar. Ekspertin sözlərinə görə, indiki mərhələdə iki ölkə arasındakı mövcud problemləri heç bir halda Minsk qrupu həll edə bilməz. Çünki qrupun belə bir səlahiyyəti, mandatı yoxdur:

 “Həmsədrlər münaqişəni sülh yolu ilə həll etməli idi. Qurum bunu edə bilmədiyi kimi, Ermənstanla Azərbaycan arasında baş verən müharibənin də qarşısını ala bilmədi. Rəsmi Bakı hazırda öz yoluna Brüssel formatı ilə davam edir. Birinci və ikinci Brüssel görüşlərində əldə edilən razılaşmalar, atılan konkret addımlar bu formatın daha konstruktiv və məhsuldar olduğunu göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müşavirədə Avropa İttifaqının vasitəçiliyini müsbət qiymətləndirdiyini də açıqca söylədi. Avropa İttifaqının postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyini deyən dövlət başçısı buna misal olaraq Brüsseldə qəbul edilən ortaq bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsini göstərdi. Bu, Azərbaycanın Ermənistanla həllini gözləyən məsələlərdə Brüsselin vasitəçiliyinə inamını artıra bilər. Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə Azərbaycanın sülh üçün təklif etdiyi 5 baza prinsipi qəbul etdiyi məlum idi. Görüş sonrası da bu haqda məlumatlar vardı. Prezidentin müşavirədə bu məsələni bir daha qeyd etməsi məlumatı tam təsdiqləmiş oldu”. 
Analitikə görə, prinsip etibarilə Ermənistanın bu şərtləri qəbul etməkdən başqa çarəsi də yox idi: “Hər şeydən əvvəl bunu İrəvandan Brüssel də tələb edib. İndiki məqamda Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dilə gətirir. Lakin erməni rəsmiləri açıqlamalarında hələ də Qarabağın “statusu”nun müəyyənləşməsi məsələsini gündəmdən düşürmürlər. İrəvan verdiyi vədə əməl etməlidir. Əks təqdirdə iki ölkə arasında yekun sülh mümkün olmayacaq ki, bunun da bütün məsuliyyəti Ermənistanın üzərində qalacaq. Lakin Prezidentin bu məsələdə əmin danışması prosesin müsbətə doğru gedəcəyini, ən azından rəsmi Bakının əlində İrəvana qarşı təzyiq rıçaqlarının olduğunu göstərir”.