Zelenski hakimiyyətinin taleyi həll olunur

Ukrayna ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək

Kiyev indiki vəziyyətdə heç atəşkəsə də razı olmaz


Rusiya Prezidenti Vladimir Putin Belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşdə Ukraynanı ittiham edib. Putin deyib ki, Moskva İstanbul görüşündə Kiyevlə müəyyən razılığa gəlmişdi. Razılıq ondan ibarət idi ki, Ukrayna üçün təhlükəsizlik təminatı Krım, Sevastopol və Donbass ərazisinə aid edilməyəcək: “Rusiya danışıqların davam etməsi üçün şərait yaratdı. Lakin Ukrayna tərəfi İstanbul razılaşmasından uzaqlaşdı. İndi təhlükəsizlik təminatı məsələsi ayrıca müzakirə olunur, Krım, Sevastopol və Donbass məsələsi bu danışıqlar çərçivəsindən kənara çıxarılır. 

Başqa sözlə, yenidən çıxılmaz vəziyyətə qayıtdıq”. Bununla yanaşı, Putin vurğulayıb ki, tərəflərin danışığı və dialoq üçün ən əlverişli məkan Belarusdur. 

Rusiya rəhbərinin açıqlamasını “Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu deyib ki, Moskva üçün heç bir anlaşmanın önəmi yoxdur. Analitikə görə, İstanbulda anlaşma əldə olunması Ankaranın gücünün etirafı demək olardı:

 “Buna nə Moskva, nə də ki Minsk razı ola bilərdi. Həm də görünür, Belarus lideri Lukaşenko Kiyev və Moskvanın Türkiyədə anlaşmasını həzm edə bilmədiyini açıq nümayiş etdirib. Tərəflər arasında ilk danışıqlar prosesi Belarusda baş tutsa da, bu günə əldə olunan irəliləyişlər birmənalı şəkildə Türkiyənin vasitəçiliyinin nəticəsidir. Belarusun iştirakı ilə baş tutan danışıqlarda isə hər hansı bir nəticə əldə edilməmişdi. Bu mənada Belarus artıq arxa plana keçirilib. Rəsmi Minsk vasitəçi qismində ciddi qəbul edilmir. Bu isə Belarus prezidentini qəzəbləndirir. O ki qaldı Kiyev və Moskvanın anlaşmasına, inanmıram ki, Kiyev güzəştlərə hazır olsun”.

A.Rəşidoğlunun qənaətincə, Kiyev nəinki ərazisinin bölünməsinə, indiki vəziyyətdə heç atəşkəsə də razı olmaz: 

“Atəşkəs Rusiyanın işğalı altında qalan ərazilərdə hərbi baxımdan güclənməsi və sonrakı mərhələdə növbəti bəhanələrlə həmin ərazilərdən plastdarm kimi istifadə etməsi deməkdir. Bu, nə hərbi taktiki,  nə də strateji baxımdan Ukrayna üçün əlverişlidir. Kiyevin hansısa ərazisindən imtinasına razı olacağını düşünmürəm. Burada söhbət təkcə ərazi bütövlüyü məsələsindən getmir. Bu həm də hakimiyyətin taleyi məsələsidir. Zelenski hakimiyyəti ölkənin bölünməsinə, ərazilərinin nəzarətindən çıxmasına imza atırsa, öz məhvinə imza atmış olur. Təbii ki, sülhə nail olmaq üçün Ukraynanı dəstəkləyən ölkələrdən bir qismi, yaxud hamısı Ukraynanı buna məcbur etməyə çalışa bilərlər, amma Kiyev buna getməz”.