Çavuşoğludan SİQNAL: Yeni soyuq savaş başlayır! - Şərh: “Azad və qapalı dünya...”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünyada soyuq müharibənin başladığını bidirib.
O qeyd edib: “Yeni soyuq savaşın başladığını görürük .Bunun əlamətləri artıq hiss olunur. Müharibə uzandıqca soyuq savaş daha da genişlənəcək. Biz bunu istəmirik. Qütbləşmələrin olmamasını istəyirik və bunun üçün çalışırıq”. 

M.Çavuşoğlunun soyuq müharibə ilə bağlı iddialarını “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibədən öncə Rusiyanın Amerikaya təqdim etdiyi təhlükəsizlik müqaviləsindən  görünürdü ki, artıq proseslər soyuq müharibəyə doğru gedir:

“Çünki o elə bir müqavilə idi ki, Qərb onu qəbul edə bilməzdi. Həm də Rusiya tərəfi bu təhlükəsizlik müqaviləsini  paket olaraq təqdim edirdi. Ardınca da Rusiyanın Ukraynaya hücumu başladı. Bu proses göstərirdi ki, İkinci Dünya müahribəsindən sonra baş verən soyuq müharibə dövrü yenidən qayıdır.

 Tarixə baxdıqda, İkinci Dünya müharibəsi dövründə də SSRİ və Amerika arasındakı müansibətlər də bu səviyyəyə gəlib çıxmışdı. İndi təxminən eyni proses baş verir.  Artıq bütün körpülər yandırılır. Belə olduğu müddətdə təbii ki, soyuq müharibəsi gözləntisi artır. Bunu Türkiyə XİN-dən öncə  beynəlxalq ekspertlər də vurğulayırdı ki, dünya yeni soyuq müharibəyə gedir”.

A.Nərimanlı  soyuq müahribənin tərəflərə qazandırdığı nəticələrdən də danışıb:

“Fikrimcə, əslində  proses öncədən planlaşdırılmış kimi görünür. Çünki soyuq müharibə hər iki tərəfə sərf edir. Ümumiyyətlə, böyük imperiyalar üçün bir neçə faktor var ki, onlardan biri müttəfiqlərin saxlanılması, ikincisi xarici təhlükənin olması, üçüncüsü və ən əsası ideologiyanın daim diri qalmasıdır. Yəni, Amerika kontekstinə baxdıqda, Amerika üçün  Avropadakı müttəfiqlər sıradan çıxmışdı. Həmçinin, xarici təhlükə faktoru azlamışdı. 

Bu baxımdan, yeni soyuq müharibə onun üçün sərfəlidir. Bu müharibədə təhlükə daha böyük oldu, bu, Rusiya idi. O cümlədən, bu təhlükə onun Avropadakı müttəfiqlərini birləşdirdi. Ən mühüm məqam isə azad və qapalı dünya məsələsidir. Baydenin Polşada çıxışı da bunun göstəricisidir. Bayden bildirdi ki, bir tərəfdə tiranlıq var, bir tərəfdə azad dünya və biz tiranlıqla mübarizə aparırıq.

Eyni məsələni biz Rusiyaya da aid edə bilərik. Çünki SSRİ soyuq müharibə  dövründə postsovet məkanına nəzarət edirdi. Fikrimcə, Rusiya tərəfi düşünür ki, Ukraynadakı müahirəbədən sonra yaranacaq kəskin münasibətlər onların bölgədəki hakim rolunu qeyri-rəsmi də olsa, tanımağa gətirəcək”.