BMT TŞ toplanacaq! –  Rusiya bu qurumdan çıxarılır?



BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclası keçiriləcək. Bu barədə TASS-a təşkilatdakı mənbə bildirib. O, toplantının aprelin 19-na təyin edildiyini qeyd edib. Ukraynanın işğalı ilə bağlı görüşlər, iclaslar, xüsusi toplantılar mütamadi olaraq keçirilir. Amma bunların nə dərəcədə effektiv olması sual altındadır. Ötən gün Ukrayna lideri Volodimir Zelenski də ölkədəki vəziyyətdən danışarkən silah tədarüklərinin gecikdiyini vurğulayıb .  Zelenski bildirib ki, bu gecikmələr Ukraynada insanların həyatını ciddi şəkildə təhlükəyə atır.

Ukraynadakı vəziyyətlə bağlı baş tutan görüşləri “Sherg.az” şərh edən siyasi ekspert Asif Nərimanlı qeyd edib ki, Rusiya Ukraynanı işğal etməyə başladığı zamandan bəri bu cür görüşlər dəfələrlə keçirilib:

“Sonuncu dəfə  Rusiyanın  BMT İnsan Hüquqları Şurasında üzvlüyünü dayandırdılar. Lakin BMT səviyyəsində edə biləcəkləri yalnız budur. BMT  Təhlükəsizlik Şurasının iclasları işlədiklərini göstərmək məqsədi daşıyır.  Çünki hər kəs kimi, onlar da bilir ki, BMT TŞ-nın bir üzvünün  veto qoyacağı istənilən məsələ  qəbul edilmir. Mütləq şəkildə bütün üzvlər verilən  qərarı dəstəkləməlidir. Bütün ölkələr qərarı dəstəkləsə belə, Rusiyanın veto qoymaq hüququ var.  Rusiyanın BMT TŞ-dən çıxarılması çox çətin görünür. Belə görünür ki, bunun üçün bütün ölkələr  təhlükəsizlik  sistemi tamamilə dağıtmalıdır. Bu da BMT-nin faktiki dağılmasına  gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, iclasların məqsədi təkcə işlədiklərini nümayiş etdirməkdir:

“BMT-nin mövcud olduğu  və TŞ-nın mexanizmləri işlədiyi  müddətdə Rusiyaya qarşı nəsə etmək mümkün deyil.  O baxımdan, bu cür tədbirlərın məqsədi yalnız işlədiklərinin görüntüsünü yaratmaqdır. 

Həm də müəyyən qədər təzyiqlərlə nəticəyə nail olmaq çalışırlar. Lakin bu çətin görünür və indiki situasiyada Rusiyaya beynəlxalq səviyyədə hər hansısa qərar vermələri  inandırıcı deyil. 

Hətta beynəlxalq məhkəmələrdə soyqırımı, müharibə cinayətləri kimi məsələlər gündəmə gəlir ki, bunlar yalnız qərar kimi qəbul oluna bilər. Verilən qərarların reallaşması isə çətin məsələdir ”.