Ukrayna ABŞ-dan zəmanət istəyir

Təmas boyunca Amerika, Böyük Britaniya, Almaniya və Türkiyə ordusunun yerləşdirilməsi gündəmə gəlir

   Ukrayna Prezidenti V.Zelenski Amerika Birləşmiş Ştatlarını gələcəkdə Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrin lideri kimi gördüyünü deyib. Ukrayna lideri bu barədə ABŞ dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostinlə görüşündə bildirib. Tərəflər sülh prosesi və müharibə əleyhinə koalisiyanın gücləndirilməsi perspektivlərini nəzərdən keçiriblər. Ukrayna rəhbəri Amerika nümayəndə heyəti ilə müdafiə yardımı, Rusiya əleyhinə sanksiya siyasətinin gücləndirilməsi və təhlükəsizliyə zəmanət məsələlərini müzakirə edib.

Zelenski qeyd edib ki, ABŞ tərəfindən göstərilən ümumilikdə 3,4 milyard dollar müdafiə dəstəyi Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə ayrılan ən iri vəsaitdir. Dövlət başçısı vurğulayıb ki, bu yardım Ukraynanın müdafiə qabiliyyətinin keyfiyyətcə yeni səviyyəyə çıxmasına artıq öz köməyini göstərir. Xatırladaq ki, Türkiyənin də Ukraynaya qarantor ölkə olması məsələsi gündəmə gəlmişdi. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan etmişdi ki, Kiyevin NATO Nizamnaməsinin beşinci bəndini əsas götürərək Ukrayna üçün qarantor ölkə tələb etməsi doğru yanaşma deyil. Nazirin sözlərinə görə, Ankara hökuməti bu cür tələbi yanlış sayır: “Biz Ukraynanın qarantına çevrilməyin əleyhinə deyilik. 

Amma Ukrayna tərəfi NATO Nizamnaməsinin beşinci bəndindən nümunə götürərək təminat tələb edir. Həm ABŞ, həm də Böyük Britaniya, o cümlədən biz məhz bu məqama qarşıyıq. Anlamaq lazımdır ki, bu zəmanət nədən ibarətdir, tələblər nələr olacaq? Bütün qarant ölkələrin əlavə risklərlə bağlı şərtləri qəbul etməsi lazımdır”. 

Zelenskinin qarantiya tələbi ilə bağlı “Şərq”ə danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, qarantor ölkənin vəzifəsi sülhə nail olmaq məqsədi ilə Rusiya üzərində hüquqi məsuliyyəti təmin etmək və davamlılığı həyata keçirməkdir. Analitik vurğulayıb ki, burada ən vacib məqam təhlükəsizlik faktoru ilə bağlıdır:

 “Əgər sülh olarsa, Donbass vilayəti rusların nəzarətində qalarsa, eyni zamanda Ukrayna bitərəfliyini elan edərək NATO-ya inteqrasiya etməməyə söz verərsə, öz gələcəyini təmin edə bilər. Bir daha rus təhdidi ilə qarşı-qarşıya qalmaz. Reallıq isə odur ki, Rusiyanın Ukraynaya yönəlik hərbi kampaniyaları zaman-zaman təkrarlanacaq. 

O səbəbdən real olaraq müəyyən edilmiş təmas xətti boyunca qarantor ölkələrin qoşunlarının yerləşdirilməsi nəzərdən keçirilə bilər. 

Rusiya-Ukrayna təmas xətti boyunca ABŞ, Böyük Britaniya, Almaniya və Türkiyə ordusunun yerləşdirilməsi gündəmə gələr. Qarantor ölkə kimi Türkiyənin də adı hallanır. Ankara hələlik bununla razılaşmır və NATO üzvü olaraq proseslərdə iştirak etmək istəmir. Əslində bu məsələdə Türkiyənin hərbi alyansın üzvü olması həlledici arqument deyil. Ankara hökuməti Türkiyənin Rusiya ilə hərbi toqquşma nöqtəsinə yerləşdirilməsini doğru qəbul etmir. 

Aktiv müharibə baş verəcəyi təqdirdə Türkiyənin savaşa qoşulması aktuallaşacaq. Bu da qardaş ölkənin hesabda olmayan müharibə ilə qarşı-qarşıya qalması deməkdir”.