Prosesə güvən yoxdur: Kremlin "canfəşanlığı" alınmır

“3+3” formatında indiyə qədər irəliləyiş olmayıb


   Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Denis Qonçar bildirib ki, Cənubi Qafqaza dair “3+3” əməkdaşlıq platformasının ikinci iclasına hazırlıq işləri görülür. Onun sözlərinə görə, iclasın yeri və tarixi bildiriləcək: “Əminəm ki, “3+3”ün açıqlanmış gündəliyi bütün iştirakçı ölkələrin razılığı ilə qapıların açıq qaldığı Gürcüstanın da mənafeyinə tam uyğundur”. Cənubi Qafqaz ölkələri və qonşuları arasında qarşılıqlı fəaliyyəti gücləndirmək üçün “3+3” formatından hərtərəfli istifadə olunmasının düzgün olacağı qənaətində olduqlarını söyləyən Rusiya XİN rəsmisinin fikrincə, bu əməkdaşlıq formatı çərçivəsində birgə müzakirələr zamanı mövcud ziddiyyətlər kəskinləşmir. 

Əksinə, qarşılıqlı etimadın artırılması üçün addımlar atılır. Qonçar əməkdaşlığın başlıca istiqamətləri kimi ticarət, enerji, sənaye, yeni texnologiyalar, infrastruktur kimi sahələrdə qarşılıqlı faydalı layihələrin icrasını vurğulayıb. Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi isə bu platformada iştirak etməyəcəyini bildirmişdi.

Rusiyanın “altılıq” formatını gündəmə gətirməsini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Türkiyə və Rusiyanın ortaq məxrəcə gəldiyi format “3+3” olsa da, indiyə qədər irəliləyiş olmayıb. Siyasi şərhçi vurğulayıb ki, təklif irəli sürüldüyü ilk vaxtlarda Gürcüstan regional əməkdaşlığın bu formatına isti yanaşmışdı. 

Lakin bir müddət sonra Tbilisinin demonstrativ şəkildə imtinası baş verdi: “Gürcüstan öz davranışına görə, konkret səbəb göstərmədi. Gürcüstan hakimiyyəti qismən rusyönlü olsa da, görünür, Moskva və Ankaraya tam güvənmir. Gürcüstan Qafqaz ölkələri arasında daha çox Rusiya işğalına məruz qalan ölkədir. Düzdür, xarici və daxili siyasətində Rusiyanın maraqlarının xeyli hissəsini təmin edir. 

Lakin Gürcüstanın Avropa İttifaqına və NATO-ya inteqrasiya istəyi Rusiyaya bağlılıqdan daha çoxdur. Ötən ilin ortalarında İrakli Qaribaşvilinin qəfil İrəvana səfəri Baş nazir Nikol Paşinyanı da bu formatdan çəkindirmək üçün idi. O zaman Ermənistan və Gürcüstan “3+3” formatına əlavə olaraq Avropa İttifaqı və ABŞ-ın qoşulmasını dilə gətirmişdilər”.

V.Əfəndiyev hesab edir ki, bütün dünyanın Rusiyanı aqressiyasına görə təklədiyi bir zamanda Moskvanın regionda öz əli ilə yaratdığı problemin “həllini” gündəmə gətirməsi xoş niyyətdən qaynaqlanmır: “Rusiyanın “canfəşanlığı” Avropa İttifaqının aktivliyi və Azərbaycan-Ermənistan prezidentlərinin Brüssel görüşlərinin nəticələrindən öz maraqları çərçivəsində narahat olmasından irəli gəlir”.