Nəticə alınmır: Gürcüstanın Rusiya ilə danışıqlar aparması mənasızdır


Rusiya postsovet məkanındakı dövlətləri tam nəzarətə almaq üçün region ölkələrinin ərazilərini işğalda saxlayır

Rusiya və Gürcüstan arasında Cenevrə danışıqları BMT, ATƏT və Avropa İttifaqının təşəbbüsü ilə fasiləyə qoyulub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə 4-cü Departamentin direktoru Denis Qonçar bildirib. Qonçar deyib ki, bu, onların seçimi deyil, təşəbbüs həmsədrlər üçlüyünə məxsusdur: “Həmsədrlər danışıqların 56-cı raundunu qeyri-müəyyən vaxta qədər təxirə salıb”. 

Departament direktoru qeyd edib ki, BMT, ATƏT və Aİ müzakirələri “girov”götürüb. XİN rəsmisinin fikrincə, formatın işinin dayandırılması Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmir. Qeyd edək ki, Gürcüstan və Rusiya arasında beynəlxalq Cenevrə danışıqları BMT, ATƏT və Aİ-nin vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından aparılır. Bu danışıqlar Gürcüstan və Rusiya arasında gücün tətbiq edilməməsi üzrə öhdəliklər, beynəlxalq təhlükəsizlik mexanizmlərinin yaradılması və məcburi köçkünlərin evlərinə dönməsi ilə bağlı məsələlərin müzakirə olunduğu yeganə formatdır. 

Politoloq Azər Qasımov “Şərq”ə bildirib ki, Moskva-Tbilisi danışıqlarının predmetinə nəzər salsaq, məsələnin mahiyyəti aydın olar. Analitik qeyd edib ki, Rusiyanın işğal etdiyi və rəsmi şəkildə “tanıdığı” qondarma qurumun gələcəyi ilə bağlı yenidən Gürcüstanla danışıqlar aparmaq mənasızdır: 

“Danışıqların sayından da göründüyü kimi müzakirələr heç bir nəticə vermir. Rusiya həmişəki oyununu oynayır. Moskva özünü problemi həll etmək istəyən tərəf kimi göstərir. Əslində isə problemi yaradan məhz Kremldir. Rusiyanın Qərbi ittiham etməsi ikiüzlülükdür. Mənasız danışıqların bərpası Ukrayna-Rusiya müharibəsi fonunda mümkün deyil. Həm də müzakirələrə yenidən başlamaq ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda Moskvanın beynəlxalq arenada itirilmiş imicinin bərpası, eyni zamanda işğalçı Rusiyaya qarşı münasibətdə qeyri-səmimiyyət görüntüsü yaradar. Bu baxımdan, danışıqların tezliklə bərpası mümkünsüzdür. Gürcüstan hökumətinin Qərbə rəğmən addım atması böyük siyasi səhv olar. Nəticədə Tbilisi Moskva qarşısında təklənər. Gürcü hökumətinin Rusiyayönlü olduğunu nəzərə alsaq, təktərəfli addımın atılması ehtimalı var. Ancaq bu, özünü aldatmaqdır. Rusiya postsovet məkanındakı dövlətləri tam nəzarətə almaq üçün region ölkələrinin ərazilərini işğalda saxlayır”.