Lavrov vəziyyətin fərqindədir

İndi Rusiya sülhə daha çox can atır

Ukrayna isə bütün şəhərlərini azad edənə kimi savaşdan çəkinməyi düşünmür


   Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin müqavilə ilə başa çatacağını deyib. XİN rəhbərinin sözlərinə görə, müqavilənin parametrləri hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək. Lavrov bildirib ki, Rusiya Ukraynaya təhvil verilən müqavilənin yenilənmiş variantında Kiyevin iradlarını nəzərə alıb, lakin hələ də öz təkliflərinə cavab almayıb: “Biz onlara müqavilənin daha bir yenilənmiş variantını verdik. Onların sonrakı şərhlərini nəzərə aldıq və indi bir həftədir gözləyirik”. 

Rusiya XİN başçısı nüvə müharibəsini də istisna etməyib. Onun sözlərinə görə, nüvə müharibəsi riski indi çox əhəmiyyətlidir: “Bu təhlükəni qiymətləndirməmək olmaz, lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar var”. Lavrov Qərb ölkələrinin öz hərbi birliklərini Ukraynaya göndərməyəcəyinə ümid etdiyini bildirib və Üçüncü Dünya savaşına imkan verilməməli olduğunu qeyd edib. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə deyib ki, Lavrovun nüvə silahından istifadə ilə bağlı təhdidi sivilizasiya uçurumudur: “Dünyanın bir tərəfində İlon Mask kosmosa raket göndərir, tvitteri satın alır, okeanın bu tayında isə rusiyalı nazir dünyanı nüvə müharibəsi ilə hədələyir, sosial şəbəkələrə senzura tətbiq olunur. Bu, sivilizasiya uçurumudur”. 

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, hazırda Ukrayna-Rusiya müharibəsinin ikinci dalğası yaşanır. Ekspert vurğulayıb ki, Rusiya Ukraynanın cənub-şərqini işğal edərək Krıma yol açmaq istəyir: 

“Qərbin Kiyevə lojistik dəstəyi artmaqdadır. Rusiyanın ciddi itkiləri olduğuna görə, rəsmi Kiyevlə dil tapmağa çalışır. Bu da onu göstərir ki, Moskva konkret olaraq Kiyevdən cavab gözləyir. Təbii ki, Ukraynanın cavabı Moskvanı qane etməlidir. Lavrov da məhz buna diqqət çəkir. Kreml qeyri-obyektiv mövqe sərgiləyir və öz şərtlərini müqavilə mətninə salmağa çalışır. Ukrayna isə bununla razılaşmayacağını bəyan edir. Göründüyü kimi Kiyev danışıqlarda əvvəlki kimi maraqlı deyil. Ukrayna rəhbərliyi Rusiyanı işğal olunmuş şəhərlərdən hərbi güclə atmaq, əks-hücuma keçmək niyyətindədir. Ona görə də cavab gecikdirilir. Döyüş əməliyyatları davam edir. Kim savaş meydanında üstünlüyü ələ alsa, masada şərtləri həmin tərəf diktə edəcək. Kiyev bütün şəhərlərini azad edənə kimi savaşdan çəkinməyi düşünmür”.