Çavuşoğlu nə etdiyini gözəl bilir

“Bozqurd” işarəsi ermənilərin yuxusunu haram qatıb

"Əsl terrorçuların kim olduğu, tarix boyu teraktların kimlər tərəfindən törədildiyi hamıya məlumdur"


   Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərdə olduğu Uruqvayda ona etiraz edən ermənilərə “bozqurd” işarəsi göstərməsi Ermənistanda ciddi reaksiyaya səbəb olub. Ermənilər “bozqurd” işarəsini “terrora dəstək” kimi təqdim ediblər. Hətta məsələ Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasının plenar iclası zamanı erməni deputatlar tərəfindən gündəmə gətirilib. Ermənistan nümayəndə heyətinin üzvü Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvayda ermənilərə göstərdiyi “bozqurd” işarəsini mənfi şəkildə şərh edərək, müzakirələri əsas məqsəddən uzaqlaşdırmağa cəhd göstərib

Lakin türk və azərbaycanlı deputatlar tərəfindən erməni parlamentarinin bu cəhdinin qarşısı alınıb və o, tutarlı cavabını alıb. Ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov erməni həmkarının ittihamlarına səssiz qalmayıb. K.Cəfərov bildirib ki, Çavuşoğlunun göstərdiyi “bozqurd” işarəsi qədim türk totemidir. Qeyd edib ki, hətta Amerikanın keçmiş prezidenti Barak Obama da “bozqurd” işarəsindən istifadə edib. Ona görə də bununla bağlı heç bir problem yoxdur. Deputat çıxışın sonunda özü də “bozqurd” işarəsi göstərib. 

Türkoloq-alim Faiq Ələkbərli “Şərq”ə bildirib ki, Türkiyə XİN rəhbəri M.Çavuşoğlunun saxta “soyqırım” iddiasında olanlara “bozqurd” işarəsi göstərməsi ermənilərə ən tutarlı cavabdır. Alimə görə, erməni təxribatçılarını ancaq “bozqurd” simvolu ilə susdurmaq olar: 

“Qondarma “soyqırım” hay-küyü salan ermənilərə və onlara dəstək verən Qərb ölkələrinə ancaq “bozqurd” işarəsi ilə cavab verilməlidir. Çünki onlar başqa cavablardan anlamırlar. Düşünürəm ki, Çavuşoğlu məhz buna görə belə hərəkət edir. Məncə, normal və doğru bir addım idi. Buna görə Türkiyə xarici işlər nazirini “terrora dəstək verməkdə” ittiham etmək absurd yanaşmadır. Türkiyənin XİN başçısı nə etdiyini çox gözəl bilir. Əsl terrorçuların kim olduğu, tarix boyu teraktların kimlər tərəfindən törədildiyi hamıya məlumdur. Ermənilər qondarma “soyqırımı” siyasi oyun vasitəsinə çeviriblər. İndi də Çavuşoğlunu və Türkiyəni hədəf almaqla siyasi məqsədlər güdürlər. Qardaş Türkiyə doğru yoldadır”.