"Əgər Kreml səmimi olarsa..."

Tural İsmayılov: "İrəvana praktiki olaraq təzyiq göstərərsə, sərhədlərin müəyyənləşməsi, o cümlədən sülhlə bağlı irəliləyiş mümkün olar"

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Bakıda Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı həftəsonuna kimi təmaslar planlaşdırılıb. Zaxarova əlavə məlumatların sonra veriləcəyini deyib. XİN rəsmisi yaxın vaxtlarda Cənubi Qafqaz regionunda kommunikasiyaların, iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun növbəti iclasının keçirilməsinin tərəflərlə razılaşdırıldığını da vurğulayıb. 

Politoloq Tural İsmayılov “Şərq” bildirib ki, Rusiya ilk növbədə Cənubi Qafqaz regionunda öz aktivliyini qorumağa çalışır. Analitik deyib ki, bununla yanaşı, Moskva Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində də rol oynamaq istəyir:

 “Kremlin təşəbbüsləri yeni deyil. Nəzərə alaq ki, 10 noyabr bəyanatının üçüncü tərəfi Rusiyadır. Azərbaycan və Ermənistan rəhbərliyi Soçidə birgə bəyanata imza atıblar. Rusiya regionda söz sahibi ölkələrdən biri kimi proseslərdə fəallıq nümayiş etdirməyə çalışır. Ukrayna ilə gərginlik fonunda beynəlxalq aləmdən Rusiyaya qarşı ciddi təzyiqlər var. Moskva Ukrayna məsələsində təkləndiyinin fərqindədir. Ona görə də digər siyasi proseslərdə, dövlətlərarası münasibətlərdə aktivlik göstərərək korlanmış imicindən uzaqlaşmağa, neqativ diqqətdən yayınmağa çalışır”.

T.İsmayılova görə, bütövlükdə Rusiyanın belə təşəbbüslərinin pozitiv nəticəyə gətirib çıxaracağını söyləmək tezdir: 

“Fakt odur ki, Ermənistan tərəfi indiyədək nə 10 noyabr, nə də Soçi bəyanatının tələblərini icra edib. Azərbaycan hər zaman sülhlə bağlı mövqeyini ortaya qoyub, işçi qruplar yaradılıb. İrəvan isə Zəngəzur məsələsində olduğu kimi işçi qruplarla bağlı heç bir müsbət addım atmayıb. Rusiya prosesin irəliyə doğru getməsində maraqlıdırsa, o zaman üçtərəfli bəyanatların icrası üçün Ermənistana daha ciddi təzyiqlər göstərməlidir. 

Əgər Kreml səmimi olarsa və İrəvana praktiki olaraq təzyiq göstərərsə, sərhədlərin müəyyənləşməsi, o cümlədən sülhlə bağlı irəliləyiş mümkün olar”.