"Biz Ermənistanı dəfələrlə sülhə, qonşuluq əlaqəsinə çağırmışıq. Amma onlar bu və ya digər səbəbdən çağırışımıza cavab vermirlər. Ermənistanın özünü belə aparmasının başlıca səbəbi erməni lobbisindən, diasporundan asılı olmasıdır. Ermənistanın rəhbərləri özbaşına qərar verə bilmirlər".
Bu fikirləri "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov söyləyib. Onun sözlərinə görə, cəbhənin bir tərəfində Amerika və Avropa, digər tərəfində Rusiya və keçmiş Sovet İttifaqı ölkələridir:
"Bir-biriləri ilə Ermənistan uğrunda mübarizə aparırlar. Avropa Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasını, ölkədə sabitlik yaranmasını tələb etsə də, Rusiya bunu istəmir. Heç vaxt da istəməyəcək. Ermənistan dövlətinin yaradılmasının mənası Rusiya üçün bölgəni münaqişə vəziyyətində saxlamaqdır.
Moskva faktoru olmasaydı, Brüssel görüşü daha məhsuldar olardı. Gümrüdə Rusiya hərbi birliyinin fəaliyyəti davam edir. Fəaliyyət göstərdikləri müddətcə, Brüsseldə alınan siyasi qərarlar Ermənistanın Rusiyadan asılılığını azaltmayacaq".
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müzakirələr aparılır. Həmçinin tərəflər sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıb.