Region üçün mühüm iki həftə: Çavuşoğlu Əmirabdullahianın "nəbzini yoxlayacaq"

"Qarşıdakı həftələrdə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Türkiyəyə səfər edə bilər. Məlumatı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən "Anadolu"ya müsahibəsində verib. Səfərin dəqiq tarixi hələlik açıqlanmayıb. Lakin regionda ciddi proseslərin baş verdiyini nəzərə alsaq, belə bir səfər tamamilə gözlənilən idi"
Bu sözləri "Sherg.az"a açıqlamasında jurnalist, siyasi şərhçi Kənan Novruzov deyib.
Analitikin fikirlərinə görə,  diplomatların müzakirə gündəliyindəki mövzulardan biri, şübhəsiz, Cənubi Qafqazdakı vəziyyətdir :

"Nazirlər Ermənistanla Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin bərpası haqda fikir mübadiləsi aparma ehtimalı var. Güman ki, Çavuşoğlu  İranın "nəbzini yoxlamaq", rəsmi Tehranın proseslərə münasibətini öyrənmək istəsin. Çünki İkinci Qarabağ müharibəsi vaxtı cənub qonşumuzun proseslərə münasibəti heç də birmənalı deyildi. İndi isə Çavuşoğlu Əmirabdullahiandan daha konkret mövqe istəyə bilər.

 Həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya XİN başçısı Sergey Lavrovun da Türkiyəyə səfərləri planlaşdırılır. Görünür, Ankara regionda "daşları yerinə oturtmaq" üçün səy göstərir.  Türkiyə və İran XİN başçılarının görüşündə altılıq platforması ilə bağlı müzakirə aparılması da mümkündür".

K.Novruzovun qənaətincə, əsas müzakirə mövzularından biri də Ukrayna ilə Rusiya arasında davam edən müharibə olacaq:

" İranla Rusiya arasındakı münasibətlərdə zaman- zaman ziddiyyətlər yaşansa da, iki dövlət xüsusilə, regional "meydança"da "paslaşmağı" da yaxşı bacarırlar. Yəqin, Kiyevə nisbətən Moskva Tehran üçün daha əhəmiyyətlidir. Əlbəttə, Türkiyə üçün İranın  sözügedən məsələdə onun mövqeyinə yaxın mövqe sərgiləsiməsi, yəni tərəf tutması arzuolunandır. Bəlkə də, M.Çavuşoğlu həmkarına öz təkliflərini çatdıracaq. Hətta istisna deyil ki, görüşdən sonra Əmirabdullahian İranın vasitəçiliyini təklif etsin.

Eləcə də, ikitərəfli əməkdaşlığın perspektivlərinin də müzakirə olunacağı şübhəsizdir.  Bütün hallarda, regional proseslər baxımdan qarşıdakı iki həftə mühüm əhəmiyyət daşıyır".