Türk Birliyinin əhatə dairəsi genişlənir

  İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövründə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olublar. Siyasi keçmişimizin çətin dövrlərində, tarixə qovuşmuş münaqişə dövründə Qazaxıstan mənəvi-siyasi baxımdan daim Azərbaycanın yanında yer alıb. İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirak etmək istəyən şirkətlər arasında Qazaxıstan təmsilçiləri birinci yerdədir. Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Azərbaycan səfərinin rəsmi tərəfi ilə bərabər mənəvi-siyasi tərəfi də yaddaqalan oldu. Prezident İlham Əliyev Qazaxıstan dövlətinin ən ali mükafatı ilə təltif edildi. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi təqdim olundu. Eyni zamanda Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması ayrıca bir hadisədir. Çünki Türküstan Əl-Fərabi ət Türkün, Əhməd Yəsəvinin, Şuşa isə Əhməd bəy Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin vətənidir. Göründüyü kimi bütün bunlar xüsusi diqqət və uzaqgörən hədəflərə hesablanaraq atılan, tarixi ortaq köklərimizə hesablanan qərarlardır. 22 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən maraqlı və önəmli bir fikir söyləmişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Budəfəki görüşdə də eyni mənzərənin şahidi olduq. Prezidentlər türk dilləri ailəsinə aid Azərbaycan və qazax dillərində danışaraq dünyaya tarixi, mədəni, mənəvi-siyasi və geosiyasi məzmuna malik mesaj verdilər. Mesajın məzmunu ondan ibarətdir ki, türk dövlətləri bütün məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Daha sıx əlaqələr iki ölkənin münasibətlərini yeni mərhələyə daşıyacaq. 
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “Sherg.az"a açıqlamasında bildirib ki, Qazaxıstan prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin münasibətlərinin yeni mərhələyə qalxmasını şərtləndirəcək. Deputat xatırladıb ki, 2004-cü ildən Azərbaycan-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan həm regional səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman fəaliyyətlərini uğurla kordinasiya edərək bir-birinə dəstək olublar: “Qazaxıstan keçmiş münaqişə vəziyyətində Azərbaycanın ərazi bütövlüyünü bütün vacib platformalarda dəstəkləyib. Biz də Qazaxıstanın mövqelərinə daim dəstək ifadə etmişik. Azərbaycan indiki mərhələdə tamamilə yeni, ərazi bütövlüyünü təmin etmiş bir dövlət obrazında beynəlxalq əməkdaşlıq və münasibətlər sistemində iştirak etməkdədir. Qazaxıstan Prezidenti Tokayevin də qeyd etdiyi kimi o, Azərbaycana xüsusi missiya ilə səfər etmişdi. Bu missiya iki ölkə arasında strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmağa xidmət etməlidir. Hər iki tərəfin mövqeyi ondan ibarətdir ki, Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq daha da genişləndirilə bilər. İndiki əməkdaşlıq səviyyəsi tərəflərin potensialına tam cavab vermir. İmzalanan 20-yə qədər sənəd tərəflərin əməkdaşlığı inkişaf etdirməkdə real iradəyə malik olduqlarını göstərir. Başlıca sənəd Azərbaycanla Qazaxıstan arasında srateji tərəfdaşlığın dərinləşdirilməsi, müttəfiqlik münasibətlərinin genişləndirilməsi ilə bağlı deklorasiya oldu. Bu sənəd bütövlükdə Azərbaycan-Qazaxıstan münasibətlərini bundan sonrakı mərhələdə daha da genişləndirəcək. Məhz bu platforma üzərindən digər istiqamətlərdə də əməkdaşlığı inkişaf etdirmək üçün real imkanlar yaradılacaq”. 
  Parlament üzvünün sözlərinə görə, digər mühüm sənədlərdən biri də hökumətlərarası sazişin imzalanması idi: “Bu saziş ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə stimul rolunda çıxış edəcək. İki ölkə arasında əməkdaşlığın inkişafına dair 2022-2026-cı illəri əhatə edəcək kompleks proqram da təsdiqlənib. Ümumən, 20 sənəd əməkdaşlığın ən müxtəlif sahələrini əhatə etməkdədir. Azərbaycan və Qazaxıstan hökumətləri əsasən nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini görürlər. Bu istiqamətdə addımların atılmasını əhəmiyyətli hesab edirlər. Təsadüfi deyil ki, prezidentlərin görüşündə Rəqəmsal İnkişaf və Nəqliyyat naziri də iştirak edirdi. Onu da qeyd edim ki, Qazaxıstan Füzuli şəhərində Yaradıcılığın İnkişafı Mərkəzini inşa edərək Azərbaycana hədiyyə etmək istəyir. Bu, həm də subliminal mesajdır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Qazaxıstanın Azərbaycanı dəstəklədiyini nümayiş etdirir”.