ABŞ Qafqaza yeni baş məsləhətçi göndərir

"Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır"

  ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib. Filip Riker bu vəzifədə Endryu Şoferi əvəzləyib. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək. Həmçinin, Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətindən danışıqları aparan aparıcı şəxs olacaq. Riker Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir. Daha əvvəl ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib. 
  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Minsk qrupunun “xidmətlərindən” imtina edib. Ekspert vurğulayıb ki, Rusiya da ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib. Hətta ermənilərə simpatiyası olan Paris də mövcud şərtlər altında Minsk qrupunun əhəmiyyətsiz olduğunu anlayıb: 
“Bircə üçüncü həmsədr Vaşinqton tutduğunu buraxmır. Rikerin səlahiyyətinin birinci hissəsi normaldır. Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik, ancaq “Minsk qrupu həmsədri” ifadəsi işləri korlayır. Bu, bir tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir. Bu yaxınlarda görüşdüyüm amerikalı diplomata “Vaşinqton nədən Minsk qrupundan imtina etmir” sualını verdim. Ona izah etməyə çalışdım ki, bu israrçılıq Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər. Həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu, Vaşinqtonun maraqlarına uyğun olmamalıdır. Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml “Minsk qrupuna yox” dediyinə görə, Vaşinqton bunun tərsini “Minsk qrupu davam etməlidir” söyləmək məcburiyyətində qalıb. Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil. Bunun üçün Minsk qrupu xaricində kifayət qədər alət var. Onlardan istifadə etmək lazımdır”.